Cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

Azərbaycanın sonuncu cüdoçusu bu gün Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında mübarizəyə başlayıb.

Gununsesi.info  xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən Zelim Kotsoyev 1/16 final mərhələsində İsveçrə təmsilçisi Daniel Eyxə, 1/8 finalda Nurlıxan Şerxanı (Qazaxıstan),  1/4 finalda ikiqat dünya çempionu Jorje Fonsekanı (Portuqaliya) məğlub edib. Yarımfinalda o, Kayl Reyesə (Kanada) uduzub. Bürünc uğrunda mübarizədə cüdoçumuz Toma Nikoforovla (Belçika) qarşılaşıb və vaza-ari qalib gələrək bürünc medal qazanıb.

Builki dünya çempionatında bundan əvvəl Azərbaycandan təkcə Hidayət Heydərov (73 kq) bürünc medal qazanmışdı.

Qeyd edək ki, mundiala oktyabrın 13-də yekun vurulacaq.

Gununsesi.info