Cüdoya həsr olunmuş jurnalist müsabiqəsinin qalibləri - FOTOLAR

  • By admin
  • 22 İyul 2022 13:51

Azərbaycan Cüdo Federasiyasının (ACF) elan etdiyi Azərbaycanda cüdo idman növünün 50 illik yubileyinə həsr olunmuş jurnalist müsabiqəsinin nəticələri məlum olub. Federasiya nümayəndələrinin, münsif üzvlərin, müsabiqə iştirakçılarının və digər idman jurnalistlərinin iştirakı ilə 21 iyul tarixində keçirilən tədbirdə 11 qalib açıqlanıb.

Gununsesi.info xəbər verir ki, nəticələri elan etməzdən öncə ACF-in vitse prezidenti Elnur Məmmədli, ACF prezidentinin müşaviri Natiq Bağırov, mətbuat katibi Ülkər Abbasova çıxış edərək media nümayəndələrini Milli Mətbuat – Jurnalistika Günü münasibətilə təbrik ediblər. Bildirilib ki, müsabiqənin təşkil olunmasında məqsəd jurnalsitlərlə dostluq əlaqələrini daha da gücləndirmək, cüdo sahəsinə maraq göstərən idman jurnalistlərinin artmasına töhvə verməkdir: “Müsabiqədə iştirak edən bütün jurnalistlər artıq ACF üçün dost və qalib jurnalsitlərdir. İştirakçıların hər biri ilə gələcəkdə müxtəlif layihələrdə sıx əməkdaşlıq ediləcək”.

Mükafatlandırma mərasimində bildirilib ki, müəyyən olunmuş müddət ərzində (20 may – 10 iyul) müsabiqəyə 23 material təqdim olunub. Əvvəlcədən də bildirildiyi kimi, 5 nəfərdən ibarət jürinin səsverməsi ilə ümumilikdə ən çox xal toplayan ilk 10 iştirakçı qalib seçilməli idi. Reytinqdə 9, 10 və 11-ci yerdə olan jurnalistlər eyni xal topladığı üçün 11 qalib müəyyən olunub. ACF rəsmizi xatırladıb ki, elan olunduğu üzrə bu müsabiqədə qaliblərin sıralaması yoxdur, 11 nəfərin hər biri eyni dərəcəli qalibdir və onların adlarını əlifba sırası ilə açıqlayıb:

Aygün Asimqızı (kaspi.az), Elnur Salahov (report.az), Kamran Hacı (allsport.az), Leyla Qurbanova (azertag.az), Mehman Rəsulov (Real TV), Sahib Əsədbəyli (fanat.az), Səbuhi Musayev (oxu.az), Sənan Abdullayev (Xəzər TV), Xanım Aydın (kaspi.az), Zaur Xudiyev (oxu.az), Zəki Feyzullayev (azerisport.com). Qaliblərin hər birinə 500 AZN məbləğində pul mükafatı təqdim olunub. Müsabiqənin digər iştirakçılarının hər birinə də təşəkkürnamə və hədiyyələr bağışlanıb.

Müsabiqənin qaliblərini aşağıdakı 5 nəfərdən ibarət münsiflər heyəti müəyyən edib:

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, əməkdar jurnalist Vüqar Zifəroğlu, Gənclər və İdman Nazirliyinin mətbuat katibi, əməkdar jurnalist Qabil Mehdiyev, ATV prezidentinin müşaviri, əməkdar jurnalist Səadət Məmmədova, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri, teleyurnalist Ayaz Mirzəyev, Əməkdar Bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi Ağayar Axundzadə. Jüri nümayəndələri də tədbirdə çıxış edərək materiallar barədə öz fikrlərini bölüşüblər.

Müsabiqə materialları ACF-in “Facebook” səhifəsindən paylaşılır, materiallarla tanış olmaq istəyənlər facebook.com/judo.az linkinə nəzər yetirə bilər.

Gununsesi.info