Cümhuriyyətdən böyük kişi - 149 YAŞLI MİRZƏ CƏLİLƏ İKİNCİ MƏKTUB

  • By admin
  • 22 Fevral 2018 17:08

Salam Mirzə. Düz 1 il qabaq da sənə məktub yazmışdım. Əminəm ki, bu 1 ildə məndən başqa sənə məktub yazan olmayıb. Hardandır bu əminlik deyirsən? Olsaydı rastıma çıxardı da?! İndi zəmanə o zəmanə deyil ki, məktubu yazasan, verəsən Novruzəliyə, o da aparıb sala poçt qutusuna, sonra da oturub gözləyə ki, aqibəti necə olacaq, o aqibət də ən sonda Novruzəlinin nəçənnik divanxanasına düşməsi ilə nəticələnəcək və sən də oturub bu tragikomediyadan bir hekayə yazacaqsan, daha sonra onu dərc etdirəcəksən, biz də aylar-illər sonra oxuyub xəbər tutacağıq ki, bəs filan ildə Vəli xan irəvanlı dostu Cəfər Ağaya bir məktub yazmışdı. Ehh ustad, indi Vəli Xan yox, Vəlixan var, Cəfər Ağa yox, Cəfərağa var və Vəlixanın Cəfərağaya yazdığı məktubdann küllü -aləm bir saniyə içində xəbər tutur. Bircə sizin dünyanıza gəlib çatmır bu məktublar. Bəlkə də çatır, hardan bilək, o dünyaya gedəni qayıdan görmədik ki, bir soruşaq.

Hə, deməli göz açıb qaranlıq gördüyün bu dünyaya gəlişinin 149 ili tamam oldu bu gün. Gələn il yubiley ilidir. Düşünürəm ki, yada salacaqlar səni. Zatən hər gün xatırlanırsan. Gündə azı neçə-neçə adamın dilindən “Allah sənə rəhmət eləsin Mirzə Cəlil” sözləri çıxır. Çünki hara baxırlarsa sənin felyetonlarının, hekayələrinin qəhrəmanlarını görür adamlar. Xudayar bəyləri, Kəblə Məmmədhüseynləri, Əziz xanları,qurbanəliləri- Danabaş kəndinin hər türlü sakinlərini. Onlar 150 il əqdəm necə idilərsə, indi də elə qalırlar. Yaltaq, cahil, fırıldaqçı, fürsətcil, savadsız. Hərdən qeyri millətlərə baxıb fikir edirəm ki, görəsən biz nə vaxt onlar kimi gözüaçıq, mədəni olacağıq? Millətimizi şəxsi mənafeyimizdən, dövlətimizi şəxsi cibimizdən çox sevəcəyik? Dərhal bu qənaətə gəlirəm ki, heç vaxt. Çünki sadaladığım o xüsusiyyətlər qeyri millətlərdə bizdən çoxdur.

Ona görə də biz biz yerimizdə sayır, dəyişmirik, amma onları özümüzə oxşadırıq. Necə ki, Patrik Braxneri artıq oxşatmışıq. O kimdir deyirsən? O, Avstriyalı məşhur xizəkçidir.

Pul müqabilində Azərbaycanı müxtəlif yarışlarda təmsil edir, Azərbaycan da ona öz dogma balasından yüz dəfə yaxşı baxır. Bir legionerin saxlanmasına dövlətin ayırdığı pulu açıqlasam, Mirzə Cəlil, gözlərin hədəqədən çıxar. Amma indi gəl görüm bir belə pulun müqabilində zalım oğlu Patrik buzun üstünə necə, çıxa bilirmi? Hə, çıxmağına çıxır, gəl ki, dostun, qardaşın, müasirin Mirzə Ələkbər Sabirin balaca qəhrəmanı kimi.

Zarafat eləmirəm, bu günlərdə Cənubi Koreyanın Pxenyan şəhərində XXIII Qış Olimpiya Oyunlarında ölkəmizi təmsil edən bu avstriyalı qaqaş buzun üstünə çıxan kimi üzüüstə yerə dəyib.İndi hər kəsi Braxnerə verilən pul yandırıb tökür.Hələ Braxnerin sayəsində yeyilən pulları demirəm. Sən ki özümüzü yaxşı tanıyırsan, biz o Kəblə Məmmədhüseynlərin nəvələriyik, yadında, bir arıq quzuya görə Əziz Xandan o rəhmətlik üç dənə “üçlük” qoparmışdı. Əziz xanın iki dəfə kefli, bir dəfə ayıq vaxtında.

Qısası, Mirzə Cəlil, Braxner hələ bir epizoddur, sənin ad günündə ortaya çıxan xəbərdir deyə yada salıram. Oturub yazası olsam “Seçilmiş əsərlərin” kimi cild-cild kitab olar.

Yeri gəlmişkən, deyirlər ki, “Anamın kitabı” müstəqil cümhuriyyətmizin tənqid kitabıdır. Baxmayaraq ki, “Cümhuriyyət” məqaləsi də sənin qələmindən süzülüb, bu məqalədə əla təhlilə varmısan, amma bu quruluşda özünə yer tapa bilməmisən. Səbəbini necə də öz dilindən eşitmək istəyərdim. Axı bu il cümhuriyyətimizin 100 illiyidir. Gələn il isə sənin 150 illiyin olacaq, ey Cümhuriyyətdən böyük Kişi. İcazə ver, arada sənə məktub yazım. Bilirsən, hərdən bu “Dəli yığıncağı”ndan necə baş götürüb getmək istəyirəm?

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info