Dədə Şəmşirin anım günü keçirilib - FOTO

  • By admin
  • 13 Fevral 2017 10:29

samsir

Fevralın 11-də Göygöl rayonunda Aşıq Şəmşirin abidəsinin önündə 20-ci əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndəsi, klassik aşıq şeirinin ustadlarından olan Aşıq Şəmşirin vəfatının 37-ci ildönümünə həsr olunmuş anım günü keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbiri “Aşıq Şəmşir” Mədədniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov bildirdi ki, Aşıq Şəmşir 16 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidam kəndində görkəmli el sənətkarı, Ağdabanlı şair Qurbanın ailəsində dünyaya gəlib. Ağdabanlı şair Qurban Aşıq Ələsgərin müasiri və dostu idi. Miskin Abdal nəslinin davamçısı olan Dədə Şəmşir xalq şairi Səməd Vurğunla deyişmələri dillər əzbəri olubdur və bu gün də öz ahəngini qoruyub saxlayır. Dədə Şəmşir qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun 40-dan artıq şəyirdi vardı. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz-söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə münbit zəmin yaradıb.

Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Kəlbəcər ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi. Nə yaxşı ki, fitrət sahibinin lent yazıları bu günümüzə qədər gəlib çatıb.

İlk dəfə musiqişünas Əminə Eldarova Aşıq Şəmşirin ifasında 75 aşıq havasını lentə köçürüb. İndi Azərbaycan Dövlət Radiosunun qızıl fondunda mühafizə olunan bəzi lent yazıları aşığın Əminə xanım tərəfindən 1958-ci ildə yazılan saz havalarıdır.

Aşıq Şəmşirin “Şeirlər” adlı ilk kitabı 1959-cu ildə “Akademiya” nəşriyyatı tərəfindən buraxılıb. Sonralar müəyyən fasilələrlə ustad sənətkarın “Qoşmalar”, “Seçilmiş əsərləri”, “Dağ havası”, “Şeirlər”, “Öyüdlər” və s. kitabları işıq üzü görüb.

Ümummilli Lider Heydər Əliyev Dədə Şəmşirin sənətinə yüksək qiymət verərək 2003-cü ildə Əməkdar İncəsənət Xadimi, “Şərəf” ordenli Aşıq Şəmşirin anadan olmasının 110 illiyinin ölkə miqyasında qeyd edilməsi ilə bağlı sərəncam imzalayıb. Həmçinin, Sərəncama əsasən, Göygöl rayonundakı yeddiillik musiqi məktəbinə Aşıq Şəmşirin adı verilərək büstü ucaldılıb. Aşıq Şəmşirin həyat və yaradıcılığına həsr olunmuş ”Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir” (Osman Sarıvəlli, 1973), “Saxla izimi, dünya” (Məmməd Aslan, 1989), “Dədə Şəmşir yaddaşlarda” (Qənbər Şəmşiroğlu, 2000) Dədə Öyüdləri iki çildlik və s. kitabları çap olunub.

Bu gün dünyanın irsi sayılan və Heydər Əliyev Fondunun fədakar təşəbbüsü ilə YUNESKO tərəfindən qorunan aşıq sənətinə dövlətimizin yüksək qayğısı və diqqəti var. Aşıq sənəti və bu sənəti yaşadan insanlar daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulur. Onlara hər zaman diqqət göstərilir, yaradıcılıqları yüksək dəyərləndirilir.

Hazırda Azərbaycan mədəniyyətinin gənc nəslə aşılanması istiqamətində fəaliyyət göstərən ustad sənətkarın adını daşıyan “Aşıq Şəmşir Mədəniyyət Ocağı” İctimai Birliyi Dədə Şəmşirin irsinin öyrənilməsi və gənc nəsilə aşılanması istiqamətində silsilə tədbirlər təşkil edir. Mütəmadi olaraq sənətkarın irsinin araşdırılması ilə bağlı müxtəlif səpkili tədbirlər təşkil olunub, konfranslar keçirilir. Tədbirlərdə Aşıq Şəmşirin sənətinə yüksək dəyər verən insanlar, ziyalılar, Aşıq Şəmşir yaradıcılığının araşdırması ilə məşğul olan alimlər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Aşıq Şəmşir adına musiqi məktəbinin direktoru Nuranə Aslanqızı da ötən əsrin ən böyük sənətkarlarından olan, aşıq sənətimizin yaşadıcısı, öz zəngin şeiriyyatı və ustadlığı ilə aşıq yaradıcılığımızı zənginləşdirmiş böyük el sənətkarı Aşıq Şəmşir də həmişə yüksək qayğı ilə əhatə olunub, yaradıcılığı dövlət tərəfindən yüksək adla qiymətləndirilib. Aşıq yaradıcılığına yeni istiqamət gətirən Aşıq Şəmşir öz yüksək sənətkarlığına görə Dədə adını xalqdan qazanıb.

Digər çıxış edənlər də Aşıq Şəmşirin yaradıçılığından danışdılar və Kəlbəcər və Aşıq Şəmşir adına musiqi məktəbinin şagirdləri Aşıq Şəmşirin şeirlərinə həsr edilmiş mahnılar ifa ediblər.

Aşıq Şəmşir 1980-ci ildə, 87 yaşnda dünyasını dəyişib.

samsir-1

Gununsesi.info