
Son zamanlar gərginliyin yüksək olduğu Panamada dünən dəhşətli hadisə baş verib.
Gununsesi.info xəbər verir ki, Kanadanın “First Quantum Minerals” mədən şirkəti ilə hökumət arasında imzalanan müqaviləyə etiraz edən əhali yolda barikada qurublar. Dünənki yol kəsmə aksiyası qanlı şəkildə yekunlaşıb.
Hökumətə və razılaşmaya etiraz edən nümayişçilər magistral yola barrikada quraraq nəqliyyatın hərəkətini dayandırıblar. Bu vəziyyətdən narahat olan və tıxacda qalan sürücü reaksiya verib. Adı açıqlanmayan orta yaşlı şəxs fəallarla danışıb və cibindən çıxardığı silahla iki nəfəri güllələyib.
Media mənsublarının və fəalların gözü qarşısında baş verən hücum anı anbaan lentə alınıb. Hadisə ilə bağlı bir nəfərin həbs olunduğu bildirilsə də, əlavə məlumat verilməyib.
Panama Müəllimlər Assosiasiyası (ASOPROF) “X” sosial şəbəkəsində verdiyi açıqlamada atəşi həyata keçirən şəxsin ABŞ vətəndaşı olduğunu, lakin bunu səlahiyyətlilər tərəfindən dərhal təsdiqlənə bilməyəcəyini bildirib.
Oktyabrın 20-də Panama hökuməti tərəfindən imzalanan yeni müqavilə “First Quantum”a 20 illik mədən hüququ və Panamaya illik 375 milyon dollarlıq gəlir müqabilində daha 20 il müddətinə uzadılması imkanı verir.
Hökumət yeni müqavilənin əvvəlkindən daha yaxşı şərtlər təklif etdiyini desə də, etirazçılar bununla razılaşmır.
Gununsesi.info