İsrail mərkəzli “+972” xəbər saytı İsrail ordusunun Qəzza zolağına hücumlarında hədəfləri təyin etmək üçün istifadə etdiyi “Habsora” adlı süni intellekt tətbiqinin mülki infrastrukturu qəsdən vurmaq üçün istifadə edildiyini və bunun heç bir proqnoz vermədiyini bildirib. Bu proqramla avtomatik yaradılan hədəflərə edilən hücumlarda nə qədər mülki vətəndaşın öləcəyinin bilindiyini yazıb.
Gununsesi.info xəbər verir ki, saytın “Local Call” ilə əməkdaşlıqda apardığı və İsrailin Qəzzaya hücumlarında iştirak edən hərbi kəşfiyyat və hava qüvvələri də daxil olmaqla İsrail kəşfiyyatının 7 hazırkı və keçmiş üzvü ilə müsahibələrə əsaslanan araşdırmaya görə, İsrail ordusu Qəzzada hədəfləri vurmaq üçün süni intellekt texnologiyasından istifadə edir.
İsrail ordusunun potensial hədəflərin müəyyən edilməsi prosesini sürətləndirmək üçün istifadə etdiyi “Habsora” adlı süni intellekt texnologiyası 1948-ci ildə Nəkbədən sonra İsrailin fələstinlilərə qarşı “ən qanlı hücumu”nda mühüm rol oynayıb.
Ordu sözçü bildirib ki, noyabrın 10-na olan məlumata görə, İsrail hücumun ilk 35 günü ərzində Qəzzada ümumilikdə 15 min hədəfə hücum edib.
Araşdırmaya görə, İsrailin Qəzzaya əvvəlki hücumları ilə müqayisədə, hazırkı hücumda İsrail ordusu mülki yaşayış məntəqələrini hədəfə almasını “əhəmiyyətli dərəcədə” artırıb, bu hədəflər isə ordunun “güc” olaraq xarakterizə etdiyi şəxsi yaşayış yerləri, ictimai binalar, mülki infrastrukturdur.
Keçmişdə Qəzzəyə də hücumlar həyata keçirmiş kəşfiyyat mənbələrinə görə, mülki infrastruktura zərbə endirməkdə məqsəd Fələstində mülki əhaliyə “qəsdən” hücum etmək və “Həmas”a mülki təzyiqə səbəb olacaq şok yaratmaqdır.
Evlər də daxil olmaqla Qəzzada potensial hədəflər və orada yaşayan mülki vətəndaşların təxmini sayı kəşfiyyat bölmələri tərəfindən əvvəlcədən araşdırılır və hesablanır.
Bu yolla hərbçilər hücumdan əvvəl təxminən neçə mülki şəxsin öldürüləcəyini bilir.
Mənbələrin bildirdiyinə görə, İsrail ordusu HƏMAS-ın yüksək rütbəli hərbi komandirinə sui-qəsd etmək üçün həyata keçirdiyi hücumların birində yüzlərlə mülki fələstinlinin öldürülməsini bilərəkdən təsdiqləyib.
İndiyə qədər Təl-Əvivin oxşar hücumları ilə müqayisədə daha çox mülki vətəndaşın öldürülməsinin başqa bir səbəbi də İsrail ordusunun böyük ölçüdə süni intellekt texnologiyası ilə inkişaf etdirilən və avtomatik olaraq “mümkün olandan çox sürətlə hədəflər yarada bilən Habsora” sistemindən geniş istifadə etməsidir.
Keçmiş kəşfiyyatçının sözlərinə görə, bu süni intellekt sisteminin məqsədi İsrailin Qəzza üçün “kütləvi qətl fabriki”nin fəaliyyətini asanlaşdırmaqdır.
Mülki əhalinin yaşadığı məlum olan yaşayış məntəqələrinə edilən hücumların səbəbi ordunun “mümkün qədər çox HƏMAS üzvünü öldürmək” məqsədi ilə oktyabrın 7-dən etibarən fələstinli mülki vətəndaşlara zərər vurma kriteriyalarını “əhəmiyyətli dərəcədə yumşaltmaq” qərarıdır.
Bu siyasətlər nəticəsində Qəzzadakı hökumətə görə, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 6 min 150-dən çoxu uşaq, 4 mindən çoxu qadın olmaqla 15 mini keçib.
Araşdırmaya görə, son 2 ayda 300-dən çox ailə 10 və daha çox ailə üzvünü hücumlarda itirib.
İsrail ordusu 2019-cu ildə əməliyyatlarında hədəf istehsalı sürətləndirmək üçün süni intellektdən istifadə etməyi hədəfləyən yeni birlik yaradıb.
Araşdırmada İsrailin 22-ci Baş Qərargah rəisi Aviv Koçavinin Ynet-ə verdiyi müsahibəyə də diqqət çəkilib. Koçavi müsahibəsində bildirir ki, bu bölmə “yüzlərlə zabit və əsgərdən ibarətdir və süni intellekt imkanlarına əsaslanır”.
Gununsesi.info