Almaniyanın Frankfurt yaxınlığındakı Mörfelden-Valldorf qəsəbəsindəki nəhəng supermarketlər şəbəkəsi olan ALDI-də kassir işləyən 38 yaşlı qadın başından güllə yarası ilə öldürülüb. Öldürülən qadının Aysel İ. olduğu bildirilib.
Gununsesi.info xəbər verir ki, ötən gecə adı açıqlanmayan 48 yaşlı kişi ən sıx olduğu vaxt saat 19.15 radələrində supermarketə daxil olaraq türk qadını kassada tapança ilə başından vurub.
Qadın qan içində yerə yıxılarkən, təcavüzkar daha sonra silahı başına dayayaraq atəş açaraq hadisə yerində ölüb. Qadın bir müddət sonra aldığı yaralar səbəbindən dünyasını dəyişib.
ALDI-nin müştərisi olan bir çox insan şoka düşüb və bəzilərinə psixoloji dəstək verilib. Hadisə zamanı başqa xəsarət alanların olmadığı açıqlanıb.
Hadisənin sevgi münasibətləri zəminində baş verdiyi bildirilib. Qətlə yetirilən qadın və onu vuran kişinin türk əsilli, lakin Bolqarıstan vətəndaşı olduğu bildirilir.
Hadisədən sonra polis ərazidə geniş təhlükəsizlik tədbirləri görüb və bütün ərazi ağır silahlı polis tərəfindən bağlanıb. Mörfelden-Valldorf Frankfurtdan təxminən 20 kilometr məsafədə yerləşir. Türkiyə mətbuatının mətbəələri və hava limanının bir hissəsi də burada yerləşir.
Qətl şübhəlisinin orada yaşamadığı və Frankfurtdan gəldiyi iddia edilir.
ALDI-də əvvəllər də qadın qətli törədilib. 2022-ci ilin iyun ayında Şvalmstadtda ALDI-yə bir qadının ardınca gedən 58 yaşlı qəzəbli təcavüzkar içəridəki 53 yaşlı qadını vuraraq öldürüb və sonra intihar edib.
Gununsesi.info