“Dəhşətli şeylər baş verir, hamı susur” -  Mədəniyyət Nazirliyinə ittiham

  • By admin
  • 14 Noyabr 2025 13:29

 “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli son zamanlar  mədəniyyət sahəsində yaşanan problemlərlə bağlı fikirlərini yazıb.

 

Gununsesi.info-nun xəbərinə görə, dövlətin mədəniyyət siyasətini həyata keçirən Mədəniyyət Nazirliyini ittham edən Nigar Köçərli məşhur müğənni  Nura Surinin bu nazirliyə qarşı ittihamlarını dəstəklədiyini deyib.

 

 “Nura Suri ilə fəxr edirəm. O, Mədəniyyət Nazirliyində baş verənlərə etiraz edir. Baxmayaraq ki, incəsənət adamıdır və müəyyən məqamlarda onlardan çox asılıdır”.

Köçərli bildirib ki, mədəniyyət sektorunda görünən problemlərin kökündə daha ciddi və illərlə yığılan xaos var: “Təəssüf ki, kitab sektorunda daha dəhşətli şeylər baş verir və hamı bununla bağlı susur. Mədəniyyət Nazirliyi nəinki ortalığa normal bir iş qoya bilir, əksinə, real iş görənlərə maneə yaradır. Bakı Beynəlxalq Kitab Sərgisində baş verənləri gördünüz”.

Onun sözlərinə görə, nazirlik nə naşirlərlə həmkarlıq yarada bilib, nə də sektorun inkişafına töhfə verib: “Kitab bazarında nəinki həmkarlıq yaradıblar, əksinə, yaratdıqları intriqalar nəticəsində naşirlər bir-birinə nifrət edir”.

O, nazirliyin beynəlxalq sərgilərə təşkil etdiyi səfərləri də kəskin tənqid edib: “İldə bir neçə dəfə xaricə beynəlxalq səfərlər olur dövlət hesabına. Çox biabırçı şəkildə təşkil olunur. Stendimiz sönükdür, maraqsızdır. Kimlərin aparıldığı da bəllidir – ilk növbədə özlərini, sonra AzTV-dən yekəbaş aparıcıları və digər dəxli olmayan şəxsləri. Sonra da 2-3 ‘özünü yaxşı aparan’ naşiri. Bir az etiraz etdin – çıxardırlar səni siyahıdan”.

 

Köçərli özünün illərdir xarici sərgilərə şəxsi vəsaiti ilə qatıldığını vurğulayıb: “Mənim adım elə qara siyahıdadır ki, özümü Voldemort kimi hiss edirəm. 20 ildir ki, bütün xarici sərgilərə öz hesabıma gedirəm. Yüz minlərlə pul səpələnir, amma stendlər ən sönük olan bizimkidir. London, Frankfurt, Bolonya, İstanbul kimi beynəlxalq sərgilərə ayrılan böyük vəsaitlər səmərəsiz xərclənir. Yüz minlərlə pul səpələnir – hotellərə, uçuşlara, dəxlisiz nümayəndə heyətlərinə. Nəticədə isə ən sönük, ən mənasız stend bizimdir. Bu, əsl biabırçılıqdır. Daha ağır məqamlardan biri isə Azərbaycanda dünya bazarına çıxarıla biləcək kitabların olmamasıdır. Xarici sərgidə xarici qonaq gəlib hansı kitaba baxsın? Bizim dünya kitab bazarına təqdim edə biləcəyimiz heç bir kitabımız yoxdur”. Köçərli müqayisə üçün Gürcüstanın bu sahədə nümunə göstərdiyini bildirib: “Gürcüstanın stendi illərdir partlayır. Çox maraqlı kitablar, dünya səviyyəsində tanınan yazıçılar… Dövlət naşirlər və yazıçılar üçün ciddi dəstək proqramları yaradıb. Gürcüstan aldı başını gedir, biz isə yerimizdə sayırıq”. Real işlərlə məşğul olun, intriqalarla yox!”

 

Ayşən

Gununsesi.info