Dəhşətli təyyarə qəzasının təfərrüatları ortaya çıxır: Möcüzə xilas olma

  • By admin
  • 03 Yanvar 2024 12:16

Dünən Yaponiyada sərnişin təyyarəsinin sahil mühafizə təyyarəsi ilə toqquşması və eniş zamanı partlaması ilə nəticələnən dəhşətli qəzanın fəsadları davam edir. Təyyarədə sağ qalan sərnişinlər yaşadıqları dəhşəti təsvir ediblər.

Gununsesi.info xəbər verir ki, Yaponiyanın paytaxtı Tokiodakı Haneda hava limanında dünən iki təyyarənin toqquşduğu dəhşətli qəzanın təfərrüatları ortaya çıxmağa başlayıb.

Yaponiya Hava Yollarına məxsus sərnişin təyyarəsi eniş zamanı eniş zolağında sahil mühafizə təyyarəsi ilə toqquşub və yanıb.

Hokkaydodan gələn təyyarədəki 379 sərnişin və ekipaj üzvlərinin hamısının təxliyə edildiyi açıqlanarkən, dağılan kiçik sahil mühafizə təyyarəsində olan 5 nəfər həyatını itirib.

Yapon mətbuatı ölkəni sarsıdan zəlzələdən sonra yardım çatdırmaqdan məsul olan kiçik təyyarənin pilotunun son anda xilas ola bildiyini bildirib.

Zəlzələ fəlakətindən sonra ölkəni sarsıdan qəza ilə bağlı araşdırma başlanarkən mənbələr Yaponiya Hava Yollarına məxsus sərnişin təyyarəsinin uçuş-enmə zolağına eniş icazəsi aldığını və son ana qədər heç bir problem yaşanmadığını bildirib. Mənbələrin bildirdiyinə görə, sahil mühafizəsinin təyyarəsi eniş zolağında dayanıb və enişdən bir neçə dəqiqə əvvəl “eniş zolağından uzaqlaşmaq” xəbərdarlığı alıb.

“Japan Airlines”ın məlumatına görə, sərnişin təyyarəsinin pilotu kiçik təyyarəni uçuş-enmə zolağında görə bilməyib.

Məlum olub ki, qəzadan sağ çıxa bilən “Bombardier Dash-8” tipli sahil mühafizə təyyarəsinin pilotu Genki Miyamoto öz bazasına mesaj göndərib: “Təyyarə partladı. Mən qaçdım, başqalarının vəziyyətini bilmirəm”.

Sərnişin təyyarəsində olan 379 nəfərin yanan təyyarədən sağ çıxa bilməsi “möcüzə” kimi qiymətləndirilir. Bir çox sərnişin təyyarənin sürətlə tüstü ilə dolduğu üçün öləcəklərini düşündüklərini söyləsə də, təhlükəsizlik işçiləri kabin heyətinin sürətli hərəkəti sayəsində bütün sərnişinlərin xilas edilməsinin böyük uğur olduğunu vurğulayıblar.

Gununsesi.info