Dəli Bayram - BAHƏDDİN HƏZİ YAZIR

“Tək-tək adamlar dünyanı hay-küylə, nəsillər isə səssizcə tərk edirlər” (Vaqif Bayatlı Odər)

Pandemiya vaxtı üzərimizə dolu kimi, ya da lap güllə kimi yağan ölüm xəbərlərinə bir status yazmışdım: “İndi gedən ayağının ucunda, səssizcə çıxıb gedir… yatanlar oyanmasın”, -demişdim.

Amma hamı “oyanıb”, həm də tərs ayağı üstündən qalxıb. Həyatlarını səssiz-küysüz yaşayanların da ölümü səs-küylüdür artıq.

Əcəl zənginin səsi ölüm xəbərçiliyinin küyündə eşidilməz olur. Adamları, deyəsən, artıq insanların həyatı deyil, ölümü daha çox maraqlandırır. Üstəlik də yalan-doğru ağlaşma səsi medianı, sosial şəbəkəni başına götürüb.

Bir zaman şair xalq idik, indi isə, az qala dönüb olmuşuq mərsiyəçi, rövzəxan camaat. Aramızda “ictimai mürdəşirliyə” həvəslilər də tapılır, nə yazıq ki… Ölüm xəbərçiliyinin mikroindustriyasını qurmuşuq. Bir azca empatiya qurmağa çalışım.

Bəlkə insanların xoşbəxtliyindən yazmağa bir şey tapmayanda bədbəxtliyini informasiya əmtəəsinə çevirib satırıq. Arada saxtası da olur; yol-yordan yoxsulluğunun doğurduğu qaraxəbərçi dezinformasiya. Bax, bu “dezinformasiya” dediyimiz hər nədirsə, ictimai etikanın, toplum əxlaqının, kollektiv vicdanın deformasiyasından əmələ gəlir.

Məni qorxudan bir meyl var; ictimai rəyi çoxdan itirmişik deyə, artıq, deyəsən, yavaş-yavaş ortaq ağlımızı da itiririk.

…Uşaqlıq və yeniyetməlik illərimdə Füzuli şəhərində “Dəli Bayram” deyilən bir adam görmüşdüm. Bütün gün bazarın, vağzalın, raykomun, mədəniyyət evinin, dram teatrının, redaksiyanın qabağında veyllənirdi.

“Çərəkən”in qırağından tutmuş Qala yoluna, Ağdam döngəsinə qədər, “Çənlibel”dən Xanlar küçəsinədək, universamdan Cin qobuyacan, Məngələnata ətəklərindən Quruçay boyuna kimi hər yerdə məqsədsiz-məramsız dolaşar, qarşısına çıxan hər kəsə qara xəbər verərdi. Gözləri hədəqəsindən çıxardı, ağzının qıraqlarına köpük yığılardı. Öz-özünə danışa-danışa yol ölçər, elə hey qəhqəhə çəkib səbəbsiz gülərdi.

Cındırından cin hürkən bu qapqara, çəlimsiz bədbəxti tez-tez ya xırdavat dükanlarının qarşısında, ya toxuculuq sexinin həndəvərində, ya da mərkəzdəki tikiş kombinatının ətrafında görərdin. Hərdən dilənçi Rəfiqənin yanında elə onun kimi bardaş qurub oturardı, ya İşıqlının enişinə tərəf yellənərdi, ya da üzü qərbə doğru diki aşıb molokanların qəsəbəsində yorğun-yorğun ayaqlarını sürüyərdi.

Əlinə keçən corab, paltar, sap, ayaqqabı, kibrit… etiketlərini, cürbəcür konfet kağızlarını, kino biletlərini, hind artistlərinin yapışqanlı xırda şəkillərini, poçt markalarını-filan üzünə, alnına, qollarına yapışdırıb ortada hərlənirdi.

Bir də gördün, yolda, küçədə, meydanda birinin yanından keçərkən:” Öldü, öldü! Filan məhlədə filankəs öldü” deyə qışqırıb adamın bağrını yarardı. Hətta uzaq kəndlərdə belə dünyasını dəyişən adamlar haqqında qara xəbəri sağa-sola səpə-səpə aşağı-yuxarı dolaşardı.

Dəli Bayram bu xəbərləri hardan alırdı?! İndiyə qədər də hamıya sirr qalıb. Vaxt keçdi, dövran dəyişdi. Müharibə başladı. Artıq insanlar tək-tək yox, dəstə-dəstə gedirdi dünyadan.