“Dəmir ledi”nin “Bakı sonatası” və mükafatı- ZAHİD ORUC YAZIR

“Dəmir ledi”nin “Bakı sonatası” və mükafatı

Tarix çox qəribə üzvi bağlılıq xüsusiyyətlərinə malikdir və müxtəlif siyasi liderlərin missiyasını çox zaman bir-birinə heyrətamiz şəkildə bağlayır.Uinston Çörçill və Marqaret Tetçerin taleyində olduğu kimi.
Hərçənd hər iki baş nazir Sovetlər Birliyinin dağılmasını ürəkdən istəyirdilər,lakin onların rəhbərik etdikləri dövrün beynəlxalq şəraiti bir-birindən kəskin fərqlənirdi.

Almaniyanın kapitulyasiyası xəbərini bütün dünyaya car çəkəndən sonra Amerikaya yola düşən Çörçill Fultonda,məşhur Vestminstr Universitetinin tələbələri qarşısında çıxış edir və ilk dəfə “dəmir pərdə”,soyuq müharibə” terminlərini dilə gətirir. Artıq başı əzilmiş faşizmin külündən cücərən yeni dünyanın ideoloji tablosunu cızmaq vaxtıdır.Doğrudur,politoloji aləmdə həmin ifadələrin müəllifliyinə çoxlu adam iddia edir.Lakin özünün siyasi hazırcavablığı və nəhəng xarizması ilə dünya ictimai fikrinə təsir göstərməyi bacardığına görə britaniyalı Hökumət başçısının faşizimin süqutundan sonrakı savaşın start siqnalını verdiyini inkar etmək mümkün deyil.

İki ingilis dövlətinin ittifaqını və dünya demokratiyaları qarşısında məsuliyyətini yaxşı başa düşən Çörçill,1946-cı ildə Ruzveltin ölümü ilə təkbaşına liderlik missiyasını üzərinə götürərək,Amerika və Britaniyanın güclərini birləşdirməyə çağırır,lakin onun nitqinin hər kəlməsini Kremldə Tanrı nəzərləri ilə izləyən “Co dayı”nın şərəfəinə xoş sözlər deməyi də unutmur.”Mənim rus xalqına və onun başçısı marşal Stalinə böyük hörmətim var”, deyən natiq,kommunizm ideyalarının yayılmasını təhlükə kimi gördüyündən ideoloji savaşın növbəti hərbi toqquşmalara səbəb olacağını aydın dərk edir.Lakin “nəhəng rus ayısı ilə,amerikan bizonu arasında özünü ingilis eşşəyi” kimi hiss etdiyindən və sovet rəhbərini yenicə təltif etdiyi kral 6-cı Georqun qılıncına tuş gəlmək istəmədiyindən Qızıl Ordu üzərində qələbəni öz xələflərinə saxlayır.

İş elə gətirdi ki,sovet qoşunları Əfqanıstana yeriyəndə ingilils dövləti özünə xanımı rəhbər seçdi.O vaxtlar “Krasnaya Zvezda qəzeti” ideoloji savaşın bütün basmaqəliblərinə əməl edərək, Qərb liderlərinin ünvanına müxtəlif təhqiramiz yarlıqlar yapışdırırdı.”Dəmir ledi” termini də düşmənlərindən ona edilmiş ən yaxşı hədiyyə oldu.Şahmat dili ilə desək,o,rəqibinin daşlarını özününkü etməyi yaxşı bacarırdı.Çox keçməyəcək,sovet jurnalistinin tapıntısı xanım ledinin bütün gələcək karyerasının ən parlaq epitetinə çevriləcəkdi. Yəni,sərt iradəyə və güclü xarakterə malik olduğunu “dəmir pərdə”in o tayında da etiraf edirlərsə,ondan yararlanmamaq mümkündürmü?
Tetçer cəmi üç ildən sonra nifrət etdiyi kommunizmin liderlərini son mənzilə yola salan xarici dövlət rəhbərlərinin fəxri qaravolunda yer almışdı.
Doğrudur,əvvəlcə,1982-ci ildə o,bolşevik ideyalarını yaymaq üçün son doktrinanın müəllifi sayılan Leonid Brejnevin cəsədini görməkdən yan keçsə də,1984-cü ildə Yuri Andropovu özünəxas təbəssüm və gizli xəyallar içərisində dəfn edən liderlərin içərisində ekranların mərkəzi obyektivinə düşür.Bütün xarici təxribatlara baxmayaraq,sovet xalqı əsarətdən çıxamağı deyil,böyük kommunizm ideyalarının hökmranlığı uğrunda mübarizəni əldə əsas tutub keçmiş Baş katiblərin “sink tabut”larını quyuya sallamamış növbəti xəstə rəhbərləri kommunizmin ən yüksək zirvəsinə qaldırırdılar.
Qapalı bir ölkədə birinci şəxslərin səhhətinin dövlət sirri təşkil etdiyini hər kəs bilir.Lakin SSRİ-nin bütün iqtsadi və siyasi həyatını mikroskopla izləyənlər üçün Konstantin Çernenkonun ölümü zərgər dəqiqliyi ilə hesablanmışdı. Bəli,sağlamlıq arayışlarının üzü Kremlin gizli hücrələrindən Oval Kabinetə və Londonun Vestministr ofislərinə sanki birbaşa teletaypla ötürülürdü.
Tetçer ölkəsinə qayıtdığı təyyarənin uçuş zolağı ilə ona 20-ci əsrin və şəxsi karyerasının ən böyük qələbəsini qazandıracaq şəxsin başçılıq etdiyi nümayəndə heyəti də onun ardınca yola düşür.Mixali Qorbaçov hələ Mərkəzi Komitəsinin katibi statusunda,özü də kənd təsərrüfatının sirlərini öyrənmək adı ilə böyük parlament qrupunun başında vəliəhd səfərlərini güclü payxatlardan salmağı qərara alır.

Belə xeyir-duaları indi Mərkəzi Kəşfiyyat İdarəsinin açılmış məxfi arxivləri də təsdiqləyir.Britaniya elitası Qorbaçovu həmin səfər zamanı yaxşı tanıyırdı və ikili agent Oleq Qordievski gələcək sovet rəhbərləri seçimində öz qiymətli məlumatları ilə həlledici seçim etməyə yardım göstərirdi.Bir çoxlarına qəribə gəlir, sosialist düşərgəsi ölkələrinin rəhbərlərini Kremldə təyin etdikləri halda Sovet İttifaqının taleyini Avropa paytaxtlarında həll edilməsi mümkün ola bilməzdi.Lakin faktlar amansız olur.
Gizli ingilis xəfiyyəsinin indi gün üzünə çıxmış sənədlərindən görünür ki,qarşısına qoyulmuş qovluqda üç nəfərin adı içərisində xanım Ledi tərəddüd etmədən sovet partiya nomenklaturasının ən gənc və ram edilmiş üzvü-Qorbinin üzərində dayandığını hökumət üzvlərinə açıq söyləyir.Çünki digər namizədlər,Siyasi Büro üzvü və sərt xarakteri ilə tanınan Heydər Əliyevi,həmçinin qoca Andrey Qromıkonu özününkünə çevirmək,verbovka edərək yenidənqurma adı altında nəhəng proletar diktaturasını məğlubiyyətə uğratmaq mümkün olmayacaqdı.Artıq tarixə çevrilmiş sözlər də o zaman dilə gətirildi:”mən Qorbaçovu bəyənirəm və biz onunla birgə işləyə bilərik”.Bəli,aydın və qəti..
Göründüyü kimi,kommunist rejimini dağıtmağa çalışan Birləşmiş Ştatların və anqlo-saks dünyasının bütün cəbhələrdə apardıqları savaş nəhayətdə,imperiyanın ən zəif nöqtəsini tampağa imkan vermişdi.Birinci şəxsə vurğunluq başqa cür izah oluna bilməzdi.Lakin bizim üçün SSRi-də başlayan inqilabi hərəkata hər cür təsir göstərən Marqaret Tetçerin Azərbaycanda yanvar hadisələrinə verdiyi qiymətlə,Litvada xalqın azadlıq mübarizəsinə münasibəti arasındakı ziddiyəti anlamağa çalışmaqdı.

Hər halda,Londonun siyasi yazarları qeyd edir ki,ABŞ prezidenti Ronald Reyqanın düşüncələrinə güclü təsir göstərməyi yaxşı bildiyindən britaniyalı Baş nazir milli-etnik zəmində baş verən üsyanları körükləməyin çox təhlükəli olduğunu həmkarının diqqətinə davamlı olaraq çatdırırdı.Başa düşülən mövqedir, çünki nüvə siahına malik dövlətin aqibətini düşünməmək olmazdı.Lakin sovet tankları amansızlıqla Bakıya yeridiləndə və bir vaxtlar faşizmə qarşı onlarla çiyin-çiyinə qəhrəmanlıqla vuruşan azərbaycanlıları qətlə yetirəndə qərbli liderlər hər zaman olduğu kimi qırmızı imperiyanın hərbi-siyasi elitasını deyil,xalqı günahlandırmağa daha çox üstünlük verdilər.Ata Buş öz vətəndaşlarını ordu ilə susduran adamla münasibətləri pozmamaq üçün vəziyyətin tənzimlədiyinə görə Baş Katibin “əhəmiyyətli uğuru”nu təqdir edir,Tetçer isə meydanlarda azadlıq hayqıran milyonlarla insanın taleyinə deyil,sovet rəhbərinə “heyranlığını” bildirərək,xalqı qanunun aliliyinə hörmət etməyə çağırırdı.Gerçəkdən də dünyada ədalət və humanizm üçün beynəlxalq münsifliyə iddia edənlərin tərcümeyi-halında qırmızı sətirlə keçən hadisələrdən bəhs edirik.
Kimsə deyə bilər ki,əslində siyasət belə manevrləri və fərqli notlarla istədiyi musiqini ifa etməyi sevir.Düşmənini müdafiə etmək bəzən hücumdan daha çox effektli olur.O üzdən litvalılar parlementdə müstəqillik aktını bəyan edəndə Britaniya taxt-tacı özünü əsil siyasi Həcc təmsilçiləri kimi aparırdı.Səhihliyi şübhə doğurmayan dövlət sənədlərindən görünür ki,Tetçer Qorbaçova telefon edərək,Baltikyanı ölkələrin Hitler-Stalin razılaşması nəticəsində ötən əsrin 40-cı illərində işğala məruz qaldığını arqument kimi irəli sürüb,onlara qarşı hər hansı güc tətbiqinin yolverilməz sayılacağını və müdaxilənin Qərb cəmiyyətlərində qətiyyətlə pisləniləcəyini dilə gətirirdi.Hər halda nəticə çıxarmaq çətin deyil ki,Londondan verilən mesajlar böyük bir imperiyanın başçısının necə əldə saxlandığının açıq sübutudur. Doğrudur,sonralar Qızıl Ordu Vilnüs küçələrində son akkordlarını vuraraq özünün vida marşını oxumağa cəhd etdi,lakin Bakıda yaşanan qırğınların miqyası,dövlət təhlükəsizlik strukturlarının müxtəlif təxribatları ilə silahlı müdaxiləyə ideoloji-siyasi zəmin hazırlaması və sonradan bütün məsuliyyətin “islam fundametalizminə yuvarlanmağa hazır olan,etnik vandalizm həyata keçirən və dövlət çevrilişinə çalışan” bir millətin ayağına yazılması qədər amansız olmadı.

İndi nə demək olar,hər halda latışlar,yaxud litvalılar qafqazlardan daha üstün keyfiyyətdə,Avropa cəmiyyətlərindən zorla qoparılmış toplum kimi müdafiəyə layiq ola bilərdi.Hər halda vahid bir çətirin altında yaşadıqları illərdə onlar da hamı kimi Lenin ideallarına sədaqət göstərir və kommunizm quruculuğuna rəşadətlə töhfə verirdilər.O da həqiqətdir ki,milli azadlıq və demokratiya dalğalarının ilk ləpələri məhz Baltik sahillərindən üzü Moskvaya,Bakıya,Tbilisiyə doğru yayılırdı.

Xanım Tetçer Soyuq müharibədəki qələbəsini neft dənzilərində qeyd etmək üçün 1992-ci illərdə dünyanın transmilli nəhəngi BP-nin kəşfiyyat rəhbəri Con Braunu Bakıya yola salacaq, Aərbaycana ilk səfərindəcə qırmızı imperiyanın nekroloqunu yazan qalib rəhbər 30 milyon dollarlıq çeki bir vaxtlar Qorbaçovun “ekstremist milli ünsürlər” saydığı Xalq Cəbhəsi liderinin masasına atacaqdı.Heç kəs Britaniya liderinə nə onda,nə də sonralar Şekspirin qəhrəmanı kimi söylədiyi alovlu nitqə şübhə ilə yanaşmayacaq,ondan keçmişin hesabını sormayacaq və Şuşanın,Laçının işğalına qarşı çox kəskin mövqeyin səmiyyətinə canı-dildən inanacaqdılar.

Lakin böyük qənimətləri ələ keçirəndən və uğurlu neft müqailələrini qazanandan sonra da Britaniya liderinə dünyada hər şeydən daha qiymətli xalq sevgilərini xatırlatmaqda fayda olduğunu düşünənlər onun gülərüz portreti qarşısında aciz dayanıblar.Qaliblər gerçəkdən də mühakimə olunmur.Hər halda,təskinlik üçün onu düşünmək olar ki,Stalinin xofu qarşısında Fulton məruzəsini diplomatik jarqonlarla bəzəmiş Uinston Çörçilin strateji arzularını həyata keçirəndə xanım Tetçer 20 yanvar Bakısında qana batırılmış Qorbaçov portretlərinin üzərindən keçərək,Balaxanı neftini halal başına çəkməliydi.

Tarix istənilən məhkəmədən daha ədalətli şəkildə siyasi liderlərin qara və ağ üzlərini gün işığına çıxarır və “Dəmir ledi”nin parlaq simasının kölgəsində bütün sifətlər aydın görünür.Həm də sifətsizliklər…

Zahid Oruc

Millət vəkili

Gununsesi.info

COMMENTS