Dəmiri isti-isti… -Vahid Qazi yazır

İsveçin “P2” radio kanalında qulağım tanış bir hava aldı. Qürbət eldə doğma musiqinin doğurduğu hissdən danışmayım, özümlə qalsın.

Dinləyirəm, amma sonacan kəsdirə bilmirəm – Qara Qarayevin “İldırımlı yollarla” baletidir, ya Fikrət Əmirovun simfonik muğamlarından biri? Radioya səs verib xəyallara dalmışam. Birdən orkestr 100 faiz əminliklə tanıdığım musiqiyə keçdi. Bu ki Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” komediyasındakı rəqsdir! Beynim sanki yenidən oyandı. O bəstəkarlar öz əsərlərində Hacıbəyovun musiqisindən istifadə ediblərmi? Eşitməmişəm!

HTML tutorial

Dalağım sancdı. Konsertin sonunda… diktor əsərin və müəllifin adını deyəndə bildim nə məsələdir. Aram Xaçaturyanın “Qayane” baleti imiş!

İndi düşünüb durmuşam, Qarayev, Əmirov, o vaxtın başqa korifeyləri Moskva dərgilərində bir yazı yazıb, haray salıb Xaçaturyanın bu qədər açıq-aşkar oğurluğunu ifşa ediblərmi? Eləsəydilər, bu gün İsveç radiosu xəmiri bizim musiqi ilə yoğurulan əsəri erməni baleti kimi təqdim etməzdi.

Nə demək istəyirəm? Dəmiri isti-isti döyərlər! Vaxtında görülməyən iş sonra müşkülə çevrilir. İndi dünyanın ən məşhur orkestrlərində çalınmış o baleti kimə, neçə sübut edəsən ki, bu, oğurluq musiqidir…

Rusiyanın ermənilər üçün Xankəndidə oktyabrın 30-da təşkil etdiyi böyük mitinq 9 noyabr 2020-ci ildə sona çatdırılmayan işin fəsadıdır. Məsələ birdəfəlik həll olunmasa, Qarabağda sülh növbəti 30 ildə də olmayacaq.

Hələ də gec deyil, tarixi şans qaçırılmasın – Rusiyanın elə son iki ildə Xankəndidə elədikləri rus qoşunlarını işğalçı elan edib dərhal çıxarılması tələbini qoymağa bəsdir.

Yetər ki, oraya iradə qoyaq – xalq kimi, dövlət kimi, hakimiyyət kimi…

Vahid Qazi