Dərdimizdən ölən adam -BAHƏDDİN HƏZİ YAZIR

  • By ilhame
  • 14 Yanvar 2024 13:20

Bunu düz bir il əvvəl yazmışammış. O zaman aclıq aksiyası keçirən məşhur məhbusa və insani duyğularımıza xitab idi bu esse. Düz bir il sonra yenə də qar yağır və həmin adam yenə buz “qəfəs”dədir (adını qəsdən çəkmirəm, bunu oxuyanlar xatırlasın, görək, kim daha dərindən unudub). Bu bumbuz sətirlər soyuq “qəfəs”dəki məhbusların, məhbus məsləkdaşlarımın ruhunu az da olsa, isidərmi, görəsən?!

(Esse)

Əriyib suya dönəcək bir maddədən… adam düzəltmək!

 

Adam azlığıdır?! On milyon adamıq bu ölkədə. Ya da hər halda statistikada.

 

Bədənində can, damarında qan adamlar. Nə gözləri kömürdəndi, nə qolları taxtadan, nə burnunun yerində kök var. Başındakı da papaqdı, vedrə deyil. Gün çıxanda əriməyən. Sadəcə, ruhunun qaranlığında əriyən çox adamlar. Bir də boz çoxluğun buz kimi soyuğunda “əriyib” yox olan az adamlar. Nə yazıq ki toplum acgöz toxluqdan və qarnı ac çoxluqdan ibarət!

 

Bu qədər canlı-qanlı adamlar qarın dolusu yedimi, gözüdolusu baxdımı həyata?! Özünə bu sualı verən neçə adamıq?! Özümüzə bu sualı vermədiksə (və vermədikcə) necə adamıq?!

 

Qışın yağıntı materialından adam düzəldirsən. Öz ailəndəki, yanında, yaxınındakı adamları qoyub da bayırda “yaratdığın” adama sevinirsən. Gerçək adamları yarıtdınmı ki, küçədə saxta (şaxta) adam “yaradırsan”. Əyləncəli və saxta “Allahlıq” iddianı qışın 3-5 şaxtalı gününə sığdırmısan, di gəl, ətrafında Allahın yaratdığı və sənin sevginə, ilginə möhtac nə qədər əyləncəsiz adam var!

 

Kim bu 3-5 günlük şaxtada nəyə sevindi, niyə sevindi, işim yox. Mən çayların, dənizin, ağacların əvəzindən sevindim. Torpağın yerinə sevindim, torpağın! Əkin əkəcək kəndlinin yerinə sevindim. Əlində əkiləcək bir torpağı qalıbsa hələ!

 

Təmiz hava alan ciyərlərə görə sevindim. Təmiz hava alacaq sağlam ciyərlər qalıbsa hələ! Açacaq çiçəklərə, sulanacaq meyvələrə, hisi-tozu yuyulan yaşıllıqlara görə sevindim yəqin. Yerişi ilə dümağ səthin üstünə naxış salan quşlara və onlara çörək qırıntıları atan uşaqlara görə sevindim.

 

Sevindim: nə yaxşı ki o quşlar ac qalmayacaq. Üzüldüm: bu günahkar dünyada özünün-özgənin haqqından yana ölüm aclığına oturmuş ac adamlar var zindan bucaqlarında. Azadlığa ac adamlar. Sevilməyə tox, görülməyə ac adamlar var.

 

Paradoks da elə burda gizlənib: baxarsan, adamı hamı gözü ilə sevər, ancaq ürəyi ilə görməz. Nədənsə elə tarixboyu, ömür boyu istədik ki, hər kəs… dərdimizdən ölsün. Axırıncı dəfə buraxdığımız yerdə dərdimizdən ölən, ya ölümcül -dirizarıncı qalan minlərlə oğul vardı…

 

Dərdimizdən ölməyə gedənə arxa çevirib yaşamağa getdik. Həminki-həmişəki kimi…

 

Bax, indi də gözümüzü, könlümüzü yummuşuq, nəfsimizi açıb da nəfəsimizi tutmuşuq.

 

Özümüzü ölülüyəmi vurmuşuq, ya nə?!

 

Heç nə olmamış kimi, heç nə olmurmuş kimi qaldığımız yerdən yaşayırıq. Qaldığımız yerdə!

 

Daha doğrusu, yaşayan ölü rolu oynayırıq. İçimiz ölü, çölümüz diri… Beləcə yuvarlanıb gedirik.

 

Gəl, qardaş, gəl! Gəl və bax! Adam dərdimizdən ölür. Hər iki mənada. Neron nə demişdi?! “Xalqa iki şey gərəkdir: çörək və tamaşa”.

 

Şükür, bir parça çörəyimiz var. Dərdimizdən ölən, yəni Kafkanın “aclıq ustası” kimi qəfəsdə öləziyən bu adam da bugünkü tamaşamız olsun.

 

Yox, atam, yox! Bu adam öz müşkül həyatının və mümkün ölümünün qəhrəmanıdır, ancaq biz “Aclıq ustası” hekayəsinin kütləvi səhnələriyik axı. Dur, gedək, öz “massovka”mızı oynayaq. Həm də…

 

Həm də tamaşa edək, görək, bu adam gözümüzün qabağında dərdimizdən necə ölür…

Bahəddin Həzi

Gununsesi.info