Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda süni qiymət artımına görə saxlanılan “Alfa Med” MMC-nin təsisçisi və faktiki rəhbərliyini həyata keçirən Əfqan Xudaverdiyevin, eləcə də cəmiyyətin satış üzrə meneceri İbadulla Hüseynovun cinayət işi üzrə bu gün məhkəmə prosesi başlayıb. Gununsesi.info-nun məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə etdikləri şəxslərin barəsində seçilmiş həbs qəti-imkan tədbirinin dəyişdirilməsiylə bağlı vəsatət veriblər. Məhkəmə vəsatətləri təmin etməyib.Məhkəmə prosesi iyunun 7-nə təyin edilib.
Xatırladaq ki, 2016-cı ilin yanvar ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında həyata keçirilmiş tədbirlər nəticəsində “Alfa med” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri İbadulla Hüseynov tərəfindən “Grateziano” dərman vasitəsinin dəyərindən dəfələrlə artıq qiymətə satması müəyyən edilib. Cəmiyyətin anbarına aparılmış baxış zamanı külli miqdarda gömrük bəyannaməsi olmayan dərmanlar aşkar olunub. Eyni zamanda, şirkət tərəfindən 48 adda külli miqdarda müxtəlif dərman və tibbi ləvazimatlar aşkar edilib, həmin dərmanların Tarif Şurası tərəfindən müəyyən olunmuş qiymətlərdən daha artıq qiymətə satılması müəyyən edilib. Hər iki şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 200.1-ci (istehlakçıları aldatma) maddələri ilə ittiham olunurlar.
Ə.Xudaverdiyev Azərbaycan Tibb Universitetinin Normal fiziologiya kafedrasının assistenti vəzifəsini də tutub.