Növbəti tədris ilində Azərbaycanda müəllimlərin dərs yükünün müəyyənləşdirilməsi zamanı onların diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələr əsas götürüləcək.
Gununsesi.info xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov APA-ya açıqlamasında bildirib ki, müəllimlərin dərs saatları onların imtahanda göstərdikləri nəticələrə uyğun olaraq müəyyənləşəcək. Onun sözlərinə görə, hər bir təhsil müəssisəsində dərs yükü keyfiyyət göstəricisinə görə müəyyən olunmalıdır.
E.Bağırov qeyd edib ki, imkan daxilində göstəriciləri yüksək olan müəllim daha çox dərs yükü ilə təmin edilməlidir: “Əgər məktəbdə 100 saatlıq dərs yükü varsa, 5-6 müəllim arasında daha yüksək bal toplayan savadlı müəllimə daha çox, zəif nəticə göstərənə isə az dərs verilməlidir. Müəllimlərin dərs yükü hər bir tədris ilinin əvvəlində-sentyabr ayında müəyyən edilir və xüsusi hallar istisna olmaqla il ərzində sabit qalır. Yeni tədris ili üçün sentyabr ayında məktəblərdə müəllimlərin dərs bölgüsü aparılarkən onların diaqnostik qiymətləndirmədəki nəticələri əsas götürüləcək. Bu vaxta kimi proses diaqnostik qiymətləndirmənin keçirildiyi bəzi rayonlarda, müəyyən məktəblərdə tətbiq edilirdi. Ancaq diaqnostik qiymətləndirmə ötən il hər yerdə keçirilməmişdi. Bu tədris ilində isə ölkə üzrə bütün müəllimlərin diaqnostik qiymətləndirmədən keçirilməsi tam başa çatacaq və yeni dərs ilindən bu proses hər yerdə qaydalara uyğun olmalı, bütün müəllimlərə şamil edilməlidir”.