Dərs ili qısaldıla bilərmi?

  • By admin
  • 04 İyun 2018 15:52

Artıq neçə ildir ki, təhsil ili 14 iyuna kimidir. Bu məsələnin müsbət və mənfi tərəfləri nədir? Çünki bu məsələ, təbii ki, təhsillə bağlıdır, deməli, şagirdi də, valideyni də, müəlliməni də düşündürür. Ekspertlər isə düşünür ki, bu, lazımsız bir işdir.

Gununsesi.info bildirir ki, məsələ ilə bağlı ARB TV-nin “Günə doğru” verilişində maraqlı süjet yayımlanıb.

Elvin Bədirov – ekspert: “Məktəblərdə may ayının 15-dən başlanaraq kitablar yığışdırılır. Demək olar ki, şagirdlər boş-boş məktəbə gedib-gəlirlər. Son dönəm şagirdlərin qiymətləndirilməsinin çıxarılmasından başqa bir işə yaramır”.

Qanunu qoyanlar deyir ki, lazımdı edirik, lazım olmasaydı heç dərs ilini 14 iyuna qədər uzatmazdıq.

Kamran Əsədov – ekspert: “Dünya təcrübəsində qəbul edilir ki, məktəblərdə tədris müddəti 34 həftəyə qədər olsun. Biz sentyabrın 15-dən başlayanda bu müddət aşağı düşür”.

Bayramlar çoxdur deyə, dərs proqramı tam tədris edilmir. Həmin bu bayramların çox olması məsələsi yaxın gələcəkdə həll ediləcək, Avropa ilə uyğunlaşdırılacaq.

Hadı Rəcəbli – komitə sədri: “Onlarda, əsasən, yeni ildir, o da bir neçə gündür. Başqa belə bayramları yoxdur. Belə olan təqdirdə bizim məzuniyyət günləri onların düşündüyündən qat-qat artıq olur”.

Əgər bayramlar xarici ölkələrdəki kimi azaldılacaqsa, deməli, şagird və məktəblərin istirahət günü də az olacaq. Beləliklə, yenidən ola bilər ki, həmin bu təhsil ilinin 14 iyuna kimi olmasına heç ehtiyac qalmasın. Xarici ölkə demişkən, məsələn, Yaponiyada tədris ilinin başlanması aprel ayındadır və şagirdlər 11 ay məktəbə gedir, cəmi 1 ay, mart ayında istirahət edir. Ona görə mart ayı ki, həmin ayda orqanizm dəyişkənlik dövrü keçirir. Həm bu səbəb dərsə mane olmasın, ikinci də, şagird çox istirahət etməsin, çünki çox istirahət şagirdi dərsdən soyudur, bizdəki kimi 3 aylıq tətil verilmir.