“Dərsliklərimizdə ciddi xətalar var ki…” - RAFAEL HÜSEYNOV

  • By admin
  • 18 Sentyabr 2017 12:25

rafael-huseynov

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov dərsliklər və dərs vəsaitləri ilə bağlı ayrıca müstəqil qanunun olmasını istəyir.

Gununsesi.info xəbər verir ki, millət vəkili bu təklifini Milli Məclisin (MM) qarşıdan gələn 2017-ci il payız sessiyası ilə bağlı parlamentin Elm və təhsil komitəsinin sentyabrın 18-də keçirilən iclasında səsləndirib.

Onun sözlərinə görə, dərsliklər və dərs vəsaitlər ilə bağlı məsələ bu gün ölkənin təhsil və elm ictimaiyyətinin gündəmində olan ən vacib məsələlərdəndir.

“Bildiyiniz kimi, bu məsələ ilə bağlı ciddi müzakirələr gedir. Çünki bu məsələdə ciddi problemlər var və ziyalılarımız da bununla bağlı ciddi iradlarını, təkliflərini səsləndirirlər. Artıq bu məsələ ilə bağlı Təhsil Nazirliyində müvafiq Şura yaradılıb və məni də həmin Şuraya daxil ediblər. Bildiyim qədər, bu Şurada digər millət vəkillərimiz də var. Hesab edirəm ki,  Şura üzvləri dərsliklər və dərs vəsaitləri ilə bağlı məsələdə üzə çıxan problemləri, qüsurları, nöqsanları ətraflı müzakirə, ciddi təhlil edib, buradakı boşluqları, xətaları aradan qaldıra biləcəklər. Qeyd etdiyim kimi, bu məsələdə, xüsusilə də, orta məktəb dərsliklərində narahatlıq doğuran ciddi məqamlar var. İstər tarix, istər ədəbiyyət, istərsə də də digər fənnlərlə bağlı dərsliklərdə, dərs vəsitlərində xətalar, qüsurlar yetərincədir. Ona görə də hesab edirəm ki, hər bir sahəni qanunlar tənzimlədiyi kimi, bu sahəni də qanunlar tənzimləməlidir. Yəni, dərsliklər, dərs vəsaitləri ilə bağlı ayrıca qanun layihəsi hazırlanmalı və müzakirələrə təqdim edilməlidir. Mən bu yöndə təklifimi parlamentin qarşıdan gələn payız sessiyasının ilk plenar iclasında qanunvericilik işlərinin müzakirəsində də səsləndirəcəyəm. Belə bir sənədə çox böyük ehtiyacımız var”-deyə, R. Hüseynov sonra sözlərinə əlavə edib.

Adıçəkilən komitənin üzvü, professor Şəmsəddin Hacıyev də həmkarının təklifini dəstəkləyib.

O da bildirib ki, bu yöndə müvafiq qanuna ehtiyac var:

“Bununla belə, hesab etmirəm ki, bütün dərsliklərdə problemlər var. Bu, ayrı-ayrı dərsliklərdə özünü göstərir və odur ki, həmin dərsliklərlə bağlı ciddi təhlillər aparılmalı, boşluqlar doldurulmalıdır”.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info