Dədə Şəmşirin 130 illiyidir

Bu gün Azərbaycan aşıq sənətinin görkəmli sənətkarı Əməkdar İncəsənət xadimi, Şərəf ordenli sağlığında Dədəlik mərtəbəsinə yüksəlmiş el sənətkarı Aşıq Şəmşirin anadan olmasının 130-cu ildönümüdür.

Dədə Şəmşir Kəlbəcərdə görkəmli el sənətkarı, şair Ağdabanlı Qurbanın ailəsində dünyaya göz açıb. Allah rəhmət eləsin. Ruhun şad olsun ustad şeiyirlərində vəsf etdiyin torpaqlarımız azaddır.

 

VƏTƏNİN

Könül, aşiqisən, dolan, yorulma,

Hey başına, ayağına vətənin.

Bu cənnətdən qeyri yana vurulma,

İsin isti ocağına vətənin.

 

Ata yolu saxlayarmı hər oğul?

Öz yurdunun qurbanıdı nər oğul.

O, bir ana, mən də ona bir oğul,

Sığınmışam qucağına vətənin.

 

Yoldan azan satqınlara uymaram,

Gözəl yerin ləzzətindən doymaram;

Yaxşılıqdan başqa bir söz qoymaram

Gəlib çata qulağına vətənin.

 

“Mərd ata – mərd oğul”–el misalıdı,

İgidin ürəyi öz mahalıdı.

Kişinin əzası qarışmalıdı

Ölən günü torpağına vətənin!

 

Qoy güllə xainin gözünə dəysin,

Şəmşirin söz oxu üzünə dəysin.

Daş atanın daşı özünə dəysin.

Toxunmasın dırnağına Vətənin

 

Gununsesi.info