Dələduzluq edən polkovnikə 7 il cəza istənildi

  • By admin
  • 16 May 2018 14:21

Sabiq polkovnikin məhkəməsi başlayıb. Dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis pokovniki Fərhad Məmmədxanov hakim qarşısına çıxarılıb. Gununsesi.info bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində başlayan prosesə hakim Samir Əliyev sədrlik edir.

Prokuror F.Məmmədxanovun Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmişin vəkili prokurorun çıxışı ilə razı olduqlarını bildirib: “Zərərdən cəmi 30 min ödənilib. 20 min ödəniş ediləcəyi təqdirdə belə şikayətimizi geri götürə bilərik”.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib. Məhkəmə prosesi mayın 18-də davam etdiriləcək.

İttihama görə Fərhad Məmmədxanov tanışı Eldar Hənifəyevi iş görmək adı ilə aldadıb. Ona balıq satışı işi görməyi və yaxşı qazanc əldə etməyi təklif edib.

Bu məqsədlə Eldar Hənifəyevdən 185 min dollar alıb. Hər ay da qazanc kimi Eldar Hənifəyevə 6 ay 5 min dollar verərək onun etibarını qazanıb.

E.Hənifəyev daha sonra pulunu ala bilməyib və şikayətçi olub.

Məhkəmədə ittihama münasibət bildirən Fərhad Məmmədxanov ittihamla özünü təqsirli bilmədiyini söyləyib.

Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib. Fərhad Məmmədxanov iş qurmaq adı ilə vətəndaşa qarşı dələduzluqda ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.