Dəyəri milyarda çatan zavod necə çökdürüldü?- SOCAR həm Metaniol Zavodunu havayı aldı, həm də 1 milyard "irəli düşdü" /ARAŞDIRMA

  • By admin
  • 05 Mart 2022 13:35

AzMeCo – Azərbaycan Metanol Şirkəti 2007-ci ildə yaradılıb. Şirkətin fəaliyyəti əvvəlcə neft – kimya layihələrinə, xüsusilə qaz və metanol fabriklərinin tikintisinə, istismarına yönləmşdi. Bu sıraya və Xəzər dənizində hidrokarbon layihələrində iştirak daxil idi.
Gununsesi.info-nun araşdırmasına görə, 2012-ci ilin noyabrında Azərbaycan Beynəlxalq Bankı ABB), Asia House və TheCityUK Xəzər Dəhlizi konfransını təşkil edib və hər üç təşkilat biznesi əlaqələri qurub və AzMeCo-nun gələcək satış və marketinq fəaliyyəti bu əlaqələrə söykənmişdir. Həmin ildə BP AzMeCo-dan metanol almağa razılıq verib, qarşılıqlı olaraq AzMeCo tam məhsulunu Britaniya nəhənginə satmağa boyun olub.
AzMeCo-dan o zaman verilən açıqlamada qeyd olunurdu ki, şirkət Cənubi Qafqaz regionu və Mərkəzi Asiyada ilk metanol zavodunu tikib və zaovudun illik 560 000 ton metanol istehsal etmək gücü təsdiqlənib.
Azərbaycan hökuməti ideyanı dəstəkləyib və AYİB-dən ilkin olaraq 150 milyon dollar vəsait cəlb edilib. Məlumatlara görə zavodun tikintisi 450 milyon dollara başa gəlib. Qalan 300 milyon dollar ABB-nin kreditləri ilə ödənib. Bir sıra mənbələr təkcə Beynəlxalq Bankın müəssisə üçün ayırdığı kreditin 700 milyon civarında olduğunu bildirir. 2013-cü ilin sonunda istismara verilən zavodun rəsmi məlumatına görə, artıq bir il sonra “AzMeCo” Türkiyə, Rumıniya, Hollandiya, Sloveniya və Belçikaya 100 min ton metanol ixrac edirdi.

Qeyd edək ki, ABB-nin iflasa uğradılan və “əl dəyişdirən” layihələrindən biri də sözgedən AzMeCo-dur. Müəssisə regionda öz fəaliyyət istiqamətinə görə ən böyük zavod olmaqla bərabər, minlərlə insanın iş yeri idi.
“AzMeCo” dövlət strukturu olan “Azəriqaz” ilə zavodun təbii qazla təchizatına dair uzunmüddətli müqavilə bağlayıb. Zavodun hazır məhsulu satmaq problemi də olmayıb. BP şirkəti ilə “AzMeCo”nun istehsal etdiyi metanolun tam həcmdə satışına dair uzunmüddətli müqavilə bağlanmışdı. Lakin zavod işə düşəndən qısa müddət sonra xammal təchizatı dayandı. “Azəriqaz” dan zavodun qazla təchizatının dayandırılmasına dair açıqlama verilməsə də məlumatlar var idi ki, ildə 600 milyon kubmetr həcmdə qazın daxili bazar qiymətləri ilə verilməsini hökumətdə iqtisadi baxımdan sərfəli saymayıblar.
Hesab edilirdi ki, bu həcmdə qazı Tarif Şurasının ozamanki təsdiq etdiyi qiymətlə (1000 kubmetri 100 manata) metanol zavoduna verməkdənsə onu baha qiymətə xaricə ixrac etmək daha sərfəlidir. SOCAR-ın Türkiyə və Gürcüstanla qaz ixracı müqavilələri olduğundan həmin həcmdə qazı xaricə çıxarıb satmaq üçün bazar problemi yoxdu. Digər tərəfdən, neftin qiymətlərinin yüksək olduğu vaxtlarda dünya bazarlarında qazın qiyməti də kifayət qədər baha idi – 1000 kubmetri 350-400 avroya satılırdı. Odur ki, “Azəriqaz” hökumətin razılığı ilə “AzMeCo” ilə bağlanan müqaviləni birtəfəli qaydada pozdu. Amma bütün bunlar baş verəndə zavodun qtisadi əhəmiyyəti, orada çalışanların məşğulluq məsələsi, ölkənin maraqları nəzərə alınmayıb.
Süni yaradılan əngəllərə baxmayaraq, o zaman çıxış yolu tapılmışdı. Rusiyanın “Qazprom” şirkəti ilə “AzMeCo” arasında zavodun təbii qazla təchizatına dair ikitərəfli müqavilə imzalanmışdı. Müqaviləyə əsasən “Qazprom ekspert” şirkəti hər il “AzMeCo”ya 2 milyard kubmetrə qədər qaz verəcəkdi. Rusiya şirkətinin yaydığı açıqlamaya əsasən “Qazprom”un təchiz etdiyi qaz zavodun tam istehsal gücü ilə işləməsinə imkan verməli idi. Gözlənilirdi ki, qazın nəqli tezliklə başlayacaq və Rusiya qazı birbaşa son istehlakçıya, yəni Metanol Zavoduna çatdırılacaq. Amma tezliklə zavod fəaliyyətini dayandırdı, işçilər məcburi məzuniyyətə göndərildi, həmin dövrdə şirkətin rəhbəri Nizami Piriyev saxlanıldı, məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçdi. İş adamına qarşı dələduzluq ittihamı irəli sürülmüşdü və onu zavodun tikintisi üçün Beynəlxalq Bankdan götürdüyü, faizləri ilə birlikdə 830 milyon dolları keçən krediti mənimsəməkdə ittiham edirdilər. Bundan sonra zavod hökumətin nəzarətinə keçdi.
Xatırlada ki, ABB-nin keçmiş sədri Cahangir Hacıyevdə məhkəməsində bildirmişdi ki, Metanol Zavoduna Rusiyanın “Qazprom” şirkətindən 2 milyard kubmetrlik qaz alınması ilə bağlı razılaşma olsa da bunun qarşısı alınıb: “Beləliklə zavoda qoyulan 600-700 milyon dollar da getdi. Həmin zavod indi niyə işləmir? Albaniya neftayrıma zavodunun da işləməsinə imkan vermədilər. Azərbaycan 350 milyon da burada itirdi”.
Xatırladaq ki, 2015-ci ilin mayın əvvəlində AzMeCo-nun rəhbəri Nizami Piriyev həbs olunub. Məhkəmə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Məlumata görə, Piriyev dələduzluqda, ictimai mülkiyyəti mənimsəməkdə ittiham edilib. Bundan bir həftə öncə Nizami Piriyevin oğlu Nəsib AzMeCo şirkətinin 1milyard dəyərində bond buraxacağını elan etmişdi. O bildirmişdi ki, bondan əldə olunan puldan Beynəlxalq Bankın borclarının qaytarılması üçün istifadə ediləcək.
Amma bu bəyanat havada qalıb, cəmi bir neçə gün sonra metanol zavodunun fəaliyyətinin dayandırılması ilə bağlı qərar verilib. Zavodun nümayəndəsi Fuad Hətəmov mətbuata deyib ki, müəssisə işiSOCAR tərəfindən qazın çatdırılmaması səbəbindən dayandırıb.Amma SOCAR-dan bunu təkzib ediblər, bildiriblər ki, AzMeCo qaz pulunu bazar qiymətinə ödəmək istəməyib. AzMeCo qazı “Azəriqaz”dan daha ucuz almaq istəyib.
2015-ci il avqustun 14-də isə Nəsib Piriyev Azərbaycan Beynəlxalq Bankı ətrafında davam edən istintaq çərçivəsində axtarışa verilib. Onun atası Nizami Piriyev zavodunun işə salınmasına və Rusiyadan zavoda qaz alınmasına, onun borclarının qaytarılacağına təminat verəndən, illik faiz borcu olaraq 50 milyon dolları ödəyəndən sonra həbsdən buraxılıb.
Bundan sonra onun zavodu təxminən iki ay SOCAR-ın verdiyi qaz hesabına məhdud həcmdə də olsa işləyib. Təxminən 70 min ton metanol istehsal edərək satıb və 14 milyon dollar vəsait əldə edərək borcların qismən ödənilməsinə yönəldib.
2016-ci ilin noyabrın 4-də Dövlət Neft Şirkəti «SOCAR-Methanol» MMC yaradıb. Qısa müddət sonra metanol zavodu bu şirkətin idarəetməsinə verilib. 2018-ci ilin oktyabr ayından isə obyekt SOCAR-ın strukturuna daxil edilib və hazırda bu sistemdə fəaliyyət göstərir.
Şirkətin ofisi SOCAR-ın Neftçilər prospektindəki köhnə binasındadır. Ona Elnur Elşad oğlu Mustafayev direktor təyin olunub. Bu şəxs həm də «Azərbaycan Metanol Ko.» şirkətinin rəhbəridir.
O, sözgedən tarixdə «Azərbaycan Metanol Ko.» MMC nizamnamə kapitalının 100 milyon ABŞ dollarından 550 min dollaradək azaldılması haqqında qərarını açıqlayıb. Mütəxəssislər bu vəsaitin Azərbaycan Beynəlxalq Bankına olan borcun bir hissəsinin bağlanmasına yönəldiləcəyini deyirlər.
Ekspertlər o zaman ekspertlər bildiridilər ki, SOCAR, əslində, heç kəsə gərək olmayan bir yükə sahiblənəcək və zavodun tikintisi üçün götürülən kreditləri qaytarmağa məcbur qalacaq.
29 noyabr 2017-ci ildə açıqlanan qərara görə, «SOCAR Methanol» MMC əsaslı təmirə dayandırılıb. Bu barədə şirkətin baş direktoru Elnur Mustafayev məlumat verib.“Bu il Azərbaycan Metanol Zavodunda istyehsalat prosesi 7 ay davam edib. Bu dövr ərzində 265 min ton metanol istehsal olunub. Bu planlaşdırılan göstəricidən 6% çoxdur. Planlara əsasən, gələcək illərdə daha yüksək məhsuldarlıq əldə etmək məqsədilə hazırda zavod əsaslı təmir olunur”,-deyə o vurğulayıb.
Onun sözlərinə görə, zavodun təmirə dayandırılmasına baxmayaraq, “SOCAR Methanol” mövcud ehtiyatlardan hazır məhsulların reallaşdırılmasını davam etdirir. “Təmir nəticəsində zavodu 350 günlük əməliyyat fəaliyyətinə keçirməyi ümid edirik. Müəssisəni hər il deyil, iki ildə bir dəfə əsaslı təmirə dayandırılmasını planlaşdırırıq. Bundan başqa, 10 min kubmetr qazdan 920 tn metanol əldə edərək, metanolda təbii qazın konvertasiya səviyyəsini 1,09 səviyyəsinə çatdırmağı ümid edirik”, – E.Mustafayev bildirib.
Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatına əsasən, Metanol Zavoduna xammal olaraq 524,4 mln. kubmetr həcmində qaz verilib. Ötən il istehsal edilən metanolun 97,9%-i ixrac edilib. Həmin ilin 10 ayında Azərbaycandan 42 milyon 317 min dollar məbləğində 403 min 8 ton metanol (metil spirti) ixrac edilib.
Ötən ilin yanvar-aprel aylarında müəssisədə əsaslı təmir işləri aparılıb və yalnız mayın 2-dən isə məhsul istehsalına başlanılıb. Burada mayda 47 min ton, iyunda isə 51 min ton metanol istehsal olunub.
Metanol Zavodunda 1 adda məhsul – təmizlik dərəcəsi 99,99% olan “A” marka metanol (metil spirti) istehsal olunur. İstehsal həcmi 2019-cu ildə 383 min ton, 2020-ci ildə isə 476 min ton təşkil edib. Ötən il zavodun illik istehsal gücü 561 min tona çatıb. Müəssisədə 325 nəfər işləyir.
İstehsal olunan metanolun böyük hissəsi ixrac edilir. Məsələn, 2019-2020-ci illərdə məhsul satışı müvafiq olaraq 400 min və 479 min ton olub ki, bunların da 391 tonu və 469 tonu xarici bazarlara yönəldilib. Alıcılar Türkiyə, Rumıniya, İtaliya, Sloveniya, Niderland Krallığı, Belçika, İsrail, Braziliya, Argentina, Ukrayna, Misir, Yunanıstan, Bolqarstan, Çin, Qazaxstan, İspaniya və Fransadır.
Sonda onu qeyd edək ki, ABB-nin və SOCAR-ın illik hesabatlarından görünür ki, Maliyyə Nazirliyinin zəmanəti ilə Mərkəzi Bank tərəfindən Beynəlxalq Bank vasitəsi ilə SOCAR-a 1.5 milyard manat kredit verilib. Bu vəsaitin təxminən 500 milyon manatı SOCAR tərəfindən Metanol Zavodunun alınmasına, 1 milyardı isə neft şirkətinin özünə yönəldilib. Maraqlı məqam ondan ibarətdir ki, bir neçə aydan sonra 1.5 milyard manat dövlət tərəfindən SOCAR-ın kredit borcu kimi silinib.
Beləliklə, SOCAR dövlət hesabına Metanol Zavodunu ələ keçirməklə bərabər dövlətdən daha 1 milyard manat əldə edib.


Elmar
“Gununsesi.info”