“Dağ-mədən sənayesinin inkişafı yeni iş yerləri yaradacaq”

  • Müəllif: Şəbnəm
  • 23 Sentyabr 2026 14:16

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2027–2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədəki çıxışı Azərbaycanın iqtisadi inkişafının yeni istiqamətlərini müəyyən edən mühüm mesajlarla zəngindir”.

Gununsesi.info bildirir ki, bunu deputat Tural Gəncəliyev deyib:

“Dağ-mədən və metallurgiya sənayesinin inkişafı yalnız yeni istehsal müəssisələrinin yaradılması deyil, Azərbaycanın zəngin təbii ehtiyatlarının müasir texnologiyalar əsasında iqtisadi dəyərə çevrilməsi deməkdir. Xammalın hasilatından emala və son məhsula qədər tam istehsal zəncirinin ölkə daxilində qurulması qeyri-neft sektorunun güclənməsinə, yeni iş yerlərinin yaradılmasına, ixrac imkanlarının genişlənməsinə və iqtisadi dayanıqlılığın artmasına xidmət edəcək.

Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun mineral ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi regionların sosial-iqtisadi inkişafına və Böyük Qayıdış prosesinə əlavə dinamizm verəcək. Bununla yanaşı, Naxçıvan və digər perspektivli ərazilərdə geoloji kəşfiyyat işlərinin genişləndirilməsi Azərbaycanın gələcək sənaye potensialının daha geniş miqyasda formalaşmasına imkan yaradacaq.

Bu prosesdə ekoloji təhlükəsizliyin xüsusi vurğulanması da mühüm əhəmiyyət daşıyır. Təbii sərvətlərdən istifadə iqtisadi inkişafla yanaşı, ətraf mühitin qorunması və yüksək ekoloji standartların təmin olunması prinsipləri əsasında həyata keçirilməlidir.

Bütövlükdə, qarşıdakı illər üçün nəzərdə tutulan bu siyasət Azərbaycanın təbii resurslarını sənaye gücünə, sənaye potensialını isə yeni iqtisadi imkanlara çevirmək məqsədi daşıyır. Bu isə qeyri-neft sektorunun inkişafı və Azərbaycanın daha şaxələndirilmiş, dayanıqlı iqtisadi modelə keçidi baxımından mühüm mərhələdir”.

 

 

Şəbnəm

Gununsesi.info