Dağıstanla sərhəddə minə yaxın adam Azərbaycana göndəriləcəyi günü gözləyir

Dağıstanda Qullar kəndi yaxınlığında təxminən min nəfər Azərbaycan vətəndaşı Vətənə keçmək üçün onlara nə zaman imkan yaradılacağını gözləyir.

Dağıstanın Məhərrəmkənd rayonunun rəhbəri Fərid Əhmədov bildirib ki, avqustun 31-də “Yaraq-Qazmalar” nəzarət-buraxılış məntəqəsində  uşaqlı qadınlar da daxil olmaqla 960 nəfər olub. Soydaşlarımızın Vətənə göndərilməsi məsələsini Azərbaycanın Xarici İşlər Nazirliyi tənzimləyir.

Hər həftə Rusiyadan quru sərhədlə Azərbaycana 400-dən çox adam göndərilir.

Martın 18-dən başlayaraq koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar Azərbaycanla Rusiya arasında dövlət sərhədləri bağlanıb. Nəticədə Rusiya tərəfində bir neçə min azərbaycanlı qalıb. O vaxtdan Azərbaycan hakimiyyəti vaxtaşırı dəhlizlər təşkil edir, soydaşlarımızı 200-400 nəfərlik qruplarla Vətənə gətirir.

Gununsesi.info