“Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransaya böyük ümidlər bəsləyirik” - İLHAM ƏLİYEV

  • By admin
  • 13 İyul 2017 18:20

2017_ilham_aliyev_01

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makrona Fransanın milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Gununsesi.info-nun məlumatına görə, məktubda deyilir:

“Biz zəngin ənənələrə malik Azərbaycan-Fransa münasibətlərinə xüsusi əhəmiyyət veririk. Məmnunluqla qeyd etmək istərdim ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illik tarixi ərzində ikitərəfli münasibətlərimiz yeni məzmun kəsb edib, dinamik inkişaf yolu keçib.

Bu gün siyasi, iqtisadi, mədəni əlaqələrimiz müvəffəqiyyətlə inkişaf edir və genişlənir. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımızın mövcud potensialından daha səmərəli istifadə etmək üçün birgə səylər göstərəcəyik.

Biz, həmçinin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoyulması, işğal nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma yurd-yuvasına qayıtması üçün Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həllində ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Gununsesi.info