Rusiyada prezident seçkiləri qanuni, azad və ədalətli sayıla bilməz, çünki səsvermə əhaliyə qarşı sərt repressiya şəraitində keçib və bu, azad demokratik seçimi mümkünsüz edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyinin martın 17-də yaydığı rəsmi bəyanatda deyilir.
Polşa Xarici İşlər Nazirliyi qeyd edib ki, beynəlxalq hüquqa zidd olaraq, Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində, həmçinin Moldovanın Dnestryanı və Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgələrində “seçkilər” təşkil olunub.
“Bu cür təşkil olunmuş seçkiləri qanuni, azad və ədalətli hesab etmək olmaz”, – deyə nazirlikdən bildirilib.
Bundan əlavə, bəyanatda qeyd olunur ki, vətəndaş azadlıq və hüquqlarını məhdudlaşdıran repressiv qanunvericiliyin ardıcıl olaraq tətbiqi, siyasi motivli cinayət işləri və müharibə əleyhinə fikirlər ifadə edən namizədlərin seçkilərdə iştirakdan kənarlaşdırılması bu “seçkilər”in də azad və ya ədalətli sayıla bilməyəcəyi anlamına gəlir.
“Polşa bu cür hərəkətləri ardıcıl və qətiyyətlə pisləyir. Biz həmçinin müstəqil rusiyalı müşahidəçilərin səsvermə prosesinin monitorinqində iştirakdan kənarda qalmasına və ATƏT müşahidəçilərinin dəvət olunmamasına etiraz edirik”, – bəyanatda deyilir.
Varşava bildirib ki, Kreml hakimiyyətinin müvəqqəti işğal olunmuş Ukrayna ərazilərində seçkilərin keçirilməsi ilə bağlı qeyri-qanuni qərarı xüsusi qınağa layiqdir.
“Polşa bu ərazilərdə “seçkilərin” təşkilini və nəticələrini tanımır. Rusiya Ukrayna ərazilərində onların təşkilinə və keçirilməsinə görə məsuliyyət daşımalıdır”, – diplomatlar vurğulayıblar.
Bir gün əvvəl Almaniya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində keçirilən seçkiləri etibarsızdır və beynəlxalq hüququn növbəti dəfə pozulmasıdır.
ABŞ cümə günü Rusiyanın işğal olunmuş ərazilərdə “seçkilər” təşkil etməsini pisləyib.
BMT-nin 60-a yaxın ölkəsi də birgə bəyanatda öz qınaqlarını bildirib.
Gununsesi.info