Daha bir G7 ölkəsi Fələstini tanıyacağını deyir

  • By admin
  • 31 İyul 2025 11:17

Fransa və Böyük Britaniyadan sonra daha bir G7 ölkəsi – Kanada da Fələstini tanımaq planını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Kanadanın baş naziri Mark Karni iyulun 30-da jurnalistlərə bildirib ki, ölkəsi sentyabrda keçiriləcək BMT-nin toplantısında Fələstin Dövlətini tanımağı planlaşdırır. Bu açıqlama Qəzzada aclıqla əlaqədar İsrailə qarşı artan beynəlxalq təzyiqlər fonunda gəlib.

Fransa prezidenti Emmanuel Makron ötən həftə Fələstin dövlətini tanıyacağını bildirib, iyulun 29-da isə Böyük Britaniya İsrailin Qəzzada döyüşləri dayandırmayacağı təqdirdə sentyabrda BMT -nin iclasında bu dövləti tanıyacağını bəyan edib.

Kanadanın hökumət başçısı bildirib ki, Qəzzada insanların aclıq çəkməsi də daxil olmaqla oradakı reallıqlar “Fələstin dövlətinin perspektivinin gözümüzün qarşısında əriyib getməsi” deməkdir.

“Qəzzada insan əzabının səviyyəsi dözülməzdir və vəziyyət sürətlə pisləşir. Kanada İsrail hökumətinin Qəzzada bir fəlakətin baş verməsinə imkan verməsini qəti şəkildə pisləyir”, – baş nazir vurğulayıb.

Karninin sözlərinə görə, planlaşdırılan tanınma qismən də Fələstini BMT-də təmsil edən Fələstin administrasiyasının verdiyi təminatlara əsaslanır. Bu təminatlara görə, qurum idarəetmədə islahatlar aparır və 2026-cı ildə ümumi seçkilər keçirməyə hazırdır. Həmin seçkilərdə HƏMAS “heç bir şəkildə iştirak edə bilməz”.
Fələstin administrasiyası İordan çayının qərb sahilinin bir hissəsinə Fəth partiyası vasitəsilə, Mahmud Abbasın rəhbərliyi altında nəzarət edir, Qəzza zolağını isə HƏMAS idarə edir. Hər iki ərazidə 2006-cı ildən bəri heç bir seçki keçirilməyib.

İsrail və onun ən yaxın müttəfiqi olan ABŞ Kanada baş nazirinin açıqlamalarını rədd ediblər.

İsrail Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirib: “Kanada hökumətinin bu vaxtda mövqeyini dəyişməsi HƏMAS-a verilən bir mükafatdır və Qəzzada atəşkəsə nail olunması və girovların azad edilməsinə dair çərçivə razılaşmasının əldə olunması səylərinə zərər vurur”.

İsrailin baş naziri Benyamin Netanyahu da Fransa və Britaniyanın bəyanatlarından sonra oxşar fikirlər səsləndirib.

Adının açıqlanmaması şərti ilə “Reuters”ə danışan Ağ Ev rəsmisi isə deyib ki, prezident Donald Tramp da Fələstinin tanınmasını “HƏMAS-ın haqsız şəkildə mükafatlandırılması” kimi qiymətləndirir.

Əgər Fransa və Britaniya sentyabrda Fələstin dövlətçiliyini rəsmi olaraq tanısalar, ABŞ BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında bunu etməyən yeganə ölkə olacaq.

2023-cü ilin oktyabrın 7-də HƏMAS İsrailin cənubuna hücum edib. Həmin hücum nəticəsində təxminən 1200 nəfər həlak olub, 251 nəfər isə girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 60 mindən çox insan öldürüldüyü bildirilir, amma bunun neçəsinin döyüşçü olduğu bəlli deyil. HƏMAS-ın nəzarətində olan ərazinin səhiyyə nazirliyinin məlumatına görə, indiyədək 154 nəfər, o cümlədən 89 uşaq aclıqdan həyatını itirib.

 

Gununsesi.info