Daha bir jurnalist həbs edildi - ƏZİZ ORUCOV BARƏSİNDƏ 4 AYLIQ HƏBS-QƏTİMKAN TƏDBİRİ SEÇİLİB

  • By admin
  • 01 İyun 2017 16:20
2017-06-01-16-39-2896C674CF-E809-4784-8195-CC712B8F8993_cx0_cy3_cw0_w1023_r1_s

Əziz Orucovun barəsində Nəsimi Rayon Məhkəməsi 4 aylıq həbs-qətimkan tədbiri seçib.

Gununsesi.info-nun xəbərinə görə, o, qanunsuz sahibkarlıqda və vəzifə saxtakarlığında təqsirləndirilir

“Kanal-13” kanalının rəhbəri Əziz Orucov (Qaraşoğlu) haqda Cinayət Məcəlləsinin 192.2  (qanunsuz sahibkarlıq və külli miqdarda gəlir əldə etmə) və 308.2 (vəzifə saxtakarlığı ağır nəticələrinə səbəb olması) maddələri ilə cinayət işi açılıb.

Bu barədə vəkil Elçin Sadıqov “Facebook” səhifəsində məlumat yayıb. Vəkilin sözlərinə görə, indiki cinayət işi 2014-cü ildə QHT-lərə qarşı qaldırılan cinayət işindən ayrıdır.

“Əziz Orucova qarşı qaldırılan cinayət işi “Kanal-13″ün fəaliyyəti və “Qafqaz Media Təhqiqatları Mərkəzi” İctimai Birliyinin fəaliyyətinə görə irəli sürülüb” – vəkil bildirib.

Nəsimi Rayon Məhkəməsinə Əziz Orucov haqda 4 aylıq həbs-qətimkan tədbnirinin seçilməsi barədə vəsatət verilib.

Qeyd edək ki, mayın 2-də Əziz Orucov 30 sutka həbs cəzası almışdı. O, iyunun 1-də azadlığa çıxmalı idi. Həmin gün Əziz Orucov ilə birlikdə onun həyat yoldaşı, televiziyanın redaktoru Lamiyə Çarpanova da saxlanıb. Ancaq bir saat sonra Lamiyə xanım sərbəst buraxılıb. Əziz Orucov isə Nəsimi rayon Məhkəməsinə aparılıb.O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə ittiham olunurdu.

Xatırladaq ki, “Kanal 13” internet televiziyası 2010-cu ildən fəaliyyət göstərir. Kanalın təsisçisi Anar Orucov Almaniyada yaşayır.

Gülnaz Qənbərli

Gununsesi.info