Daha bir ölkədə Quran təhqir edildi - TÜRKİYƏ XİN BƏYANAT YAYDI

  • By admin
  • 24 Yanvar 2023 13:37

Daha bir Avropa ölkəsində müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimə qarşı təhqiramiz hərəkət olub.

Gununsesi.info-nun xəbərinə görə, olay Hollandiyanın Haaqa şəhərində baş verib.

Olayla bağlı Türkiyənin Xarici İşlər Nazirliyi sərt reaksiya verib:

“Biz 22 yanvar tarixində Hollandiyanın Haaqa şəhərində İslam əleyhdarı bir şəxsin müqəddəs kitabımız Quranı hədəfə alan alçaq hücumunu ən kəskin şəkildə pisləyirik. 

İsveçdən sonra bu dəfə Hollandiyada baş verən, müqəddəs dəyərlərimizi təhqir edən və nifrət cinayətini ehtiva edən bu alçaq hərəkət Avropada islamofobiyanın, ayrı-seçkiliyin və ksenofobiyanın heç bir sərhəd tanımadığını açıq şəkildə bəyan edir.

Bu hərəkətlər bilavasitə təkcə müsəlmanların deyil, bütün bəşəriyyətin əsas hüquq və azadlıqlarını, mənəvi dəyərlərini və sosial tolerantlığını hədəf alır; Bu həm də sülh içində birlikdə yaşamaq mədəniyyətinə zərər verir.

Hollandiyanın Ankaradakı səfiri nazirliyimizə çağırılaraq bu mənfur və alçaq hərəkəti pislədiyimizi və etiraz etdiyimizi, Hollandiyanın bu cür təxribat xarakterli hərəkətlərə yol verməməsini tələb etdiyimizi sərt ifadələrlə bildirdilər.

Hollandiya rəsmilərindən hadisənin səbəbkarına qarşı lazımi tədbirlər görməsini və belə hadisələrin təkrarlanmaması üçün konkret tədbirlər həyata keçirməsini gözləyirik”.

 

Tərcümə:

Afət Abbasova