Daha bir təşkilat Jalə Bayramovaya qarşı edilən təcavüzü pislədi: “Təqsirkarlar cəzalandırılsın”

  • By admin
  • 20 Fevral 2020 10:36
Avropa İttifaqı Şərq Tərəfdaşlığı proqramı üzrə Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə Milli Platforması bəyanat yayıb.
Gununsesi.org həmin bəyanatı təqdim edir:
Fevralın 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirilmişdir. Seçki günü Lənkəran rayonu Şürük kənd mədəniyyət evində yerləşən 76 saylı Dairə Seçki Komissiyasının (DSK) 16 saylı məntəqəsində komissiyanın məşvərətçi səs hüquqlu üzvü kimi müşahidə aparan, Bakı Dövlət Universitetinin hüquq fakultəsinin 4-cü kurs tələbəsi, Jalə Bayramova Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.9-cu maddəsində nəzərdə tutulmuş hüquqlarını yerinə yetirərkən seçki məntəqəsində fiziki zorakılığa məruz qalmış, onun məntəqədən zor tətbiq edilməklə uzaqlaşdırılmasına cəhd edilmişdir. Jalə Bayramovanın seçki məntəsindən uzaqlaşdırılması onun baş verən pozuntuların qeydə alınması zamanı göstərdiyi prinsipial mövqe ilə bağlı olmuşdur. Bu hadisənin ictimailəşən görüntülərindən məlum olur ki, seçki məntəsində zorakılıq Dairə Seçki Komissiyasının katibi Mübariz Əmirov tərfindən təşkil olunmuş, nə seçici, nə də komissiya üzvü və ya müşahidəçi statusu olmayan Kərimova Azadə tərəfindən icra edilmişdir. Seçki məntəqəsinə aidiyyatı olmayan kənar şəxs tərəfindən həyata keçirilən təcavüz nəticəsində Jalə Bayramova fiziki xəsarətlər və mənəvi zərbə almışdır. Bununla əlaqədar olaraq Jalə Bayramova zərərçəkən qismində yerli polis şöbəsinə müraciət etsə də hələ də zəruri tədbirlər görülməmişdir.
Milli Platforma hüquq-mühafizə orqanlarını 76 saylı DSK-nın 16 saylı məntəqəsində Jalə Bayramovanın məruz qaldığı fiziki və mənəvi zorakılıq və digər qanunsuz hərəkətlərin hərtərəfli, tam, dolğun və qərəzsiz araşdırmağa, bu hərəkətlərə hüquqi qiymət verməyə və əqtəqsirkarları müəyyən edərək cəzalandırılmağa çağırır və ədalətli mühakimə tələb edir.