Daha hansı banklar bağlanacaq? - ELMAN RÜSTƏMOV AÇIQLADI

  • By admin
  • 07 May 2020 15:36

“Müvəqqəti inzibatçının təyin edildiyi “AGBank” və “NBC Bank”da da vəziyyət ürəkaçan deyil, digər banklardakından (“AtaBank” və “Amrahbank”) fərqli deyil”.

Gununsesi.org verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

Rüstəmov qeyd edib ki, “AGBank”ın normal fəaliyyəti üçün 195 milyon manat, “NBC Bank” üçün isə 73 milyon manat tələb olunur:

 

“Banklar üçün minimal kapital tələbi 50 milyon manatdır. Yəni fəaliyyətdə olan bankdırsa ən azı 50 milyon manat kapitalı olmalıdır. Bu gün “AGBank”ın kapitalı mənfi 145 milyon manatdır. 50 milyon manat minimal tələbini də nəzərə alsaq, bu bankın normal fəaliyyəti üçün 195 milyon manat tələb olunur. “NBC Bank”ın kapitalı mənfi 23 milyon manatdır. Yəni “NBC Bank”ın normal fəaliyyəti üçün 73 milyon manat vəsait tələb olunur. “AGBank”da problemli kreditlərin payı 54%, “NBC Bank”da isə 32%-dir. Likvidlikləri də çox aşağı səviyyədədir”, – Mərkəzi Bankın sədri bildirib.

 

Baş bankir qeyd edib ki, lisenziyaları ləğv edilmiş “AtaBank” və “AmrahBank”da vəziyyət daha ağır olub:

 

“Qeyd edim ki, “AtaBank”da kapital mənfi 214 milyon manatdır. Başqa sözlə, “AtaBank”ın normal fəaliyyəti üçün 264 milyon manat vəsait tələb olunur. Bu bank tam şəkildə maliyyə dayanıqlığını itirib, verdiyi kreditlərin 88%-i problemlidir. Bank tam şəkildə likvidliyini itirib, əhalinin əmanətlərini və biznesin vəsaitlərini qaytara bilmir. Olduqca acınacaqlı vəziyyətdir. Bu bankın xilas olunması və sağlamlaşdırılması üçün heç bir imkan yoxdur.

 

Keçək “Amrahbank”a. Bu bank maliyyə hesabatlarında özünü normal bir bank kimi təqdim edirdi, lakin kapitalı mənfi 77 milyon manatdır. Anladığınız kimi, bankın normal fəaliyyəti üçün 127 milyon manat lazımdır. Bu bank ilə çox ciddi söhbətimiz oldu. Reallıqlar bankın sahiblərinin diqqətinə çatdırıldı, onlara kapitallaşma planları təqdim etmələri üçün vaxt verildi. Əmanətçilərin pullarının xilas olunması birinci növbədə onların borcu idi. Onların belə bir imkanları olmadı, plan təqdim etməkdən imtina etdilər və biz məcbur olduq lisenziyanı geri çağırdıq. “Amrahbank”ın müştərilərə verdiyi kreditlərin 40%-i problemlidir. Bu o deməkdir ki, onların geri ödənilməsində problemlər var.

 

Real vəziyyət bundan ibarətdir. Bu banklarda (“AtaBank” və “Amrahbank”) əhəmiyyətli əmanət qalığı var, 400 milyon manatadək əmanət var. Biz bu əmanətləri xilas etməliyik və əmanətçilər bu vəsaitləri geri almalıdırlar”.

 

 

Gununsesi.org