Daha iki beynəlxalq təşkilatdan Aytən Məmmədovaya dəstək

  • By admin
  • 10 May 2022 16:07

Jurnalist Aytən Məmmədovanın bıçaqla təhdid olunmasına dünyanın nüfuzlu qurumlarının reaksiyası davam edir.

Gununsesi.info xəbər verir ki, Norveç Helsinki Komitəsi Azərbaycanda jurnalist Aytən Məmmədovaya hücumu pisləyən bəyanat yayıb:

Təşkilat hakimiyyəti bu cinayətin hərtərəfli araşdırılmasına və müstəqil jurnalistləri təqiblərdən qorumağa çağırıb.

“Cəsur jurnalistlər artıq çoxdan bilirlər ki, Azərbaycan iş üçün təhlükəsiz yer deyil.  Norveç Helsinki Komitəsilə əməkdaşlıq etmiş tanınmış jurnalist Aytən Məmmədovaya amansız hücum bu barədə bir xatırlatmadır”, – Azərbaycan rəhbərliyinə müraciətdə deyilir.

Xatırladaq ki, ötən bazar günü liftdə Məmmədovaya naməlum şəxs hücum edib, bıçağı boğazına dayayaraq qıza hədə-qorxu gəlib, təhqir edib.

Boynunda zorakılıq izləri görünən Məmmədova hesab edir ki, hücum 2019-cu ilin sonunda yetkinlik yaşına çatmayan qızın oğurlanması və öldürülməsilə bağlı məhkəmə işi ilə əlaqəlidir.

“Əvvəllər tənqidi reportajlarına görə dəfələrlə hədələrə məruz qalan Məmmədova bu qalmaqallı və həssas prosesi fəal şəkildə işıqlandıran azsaylı jurnalistlərdən biridir”,- Komitə qeyd edir.

“Bu dəhşətli hücumun hərtərəfli araşdırılması lazımdır və müzakirəyə şamil edilmir”, – bəyanatda bildirilir.

Bu çağırışa sadə formal cavab o demək olacaq ki, “Azərbaycanda qanun və məsuliyyət yoxdur, cinayətkar qruplar isə özbaşınalıq edə bilərlər”,- Azərbaycan prezidentinə, Daxili İşlər Nazirliyinin rəhbərinə və ölkənin baş prokuroruna müraciətdə deyilir.

Human Rights Watch beynəlxalq hüquq- müdafiə təşkilatı da jurnalistə hücumla bağlı həyəcan təbili çalıb.

“Tanınmış jurnalist, qalmaqallı siyasi, məhkəmə işlərini işıqlandıran Aytən Məmmədovaya hücum barədə məlumatdan həddindən artıq narahat olduq. Liftdə naməlum kişi onun boğazına bıçaq dayayaraq ona “ağıllanmadığı” üçün xəbərdarlıq edib və qızın həyatına təhdid edib”, – Human Rights Watch Avropa və Mərkəzi Asiya şöbəsinin direktor müavini Georgi Qoqiya bildirib.

 

Gununsesi.info