
Danimarka hökuməti avqustun 25-də bildirib ki, ölkədə hər hansı müqəddəs kitabın yararsız hala salınmasını qadağan edən qanun layihəsi təqdim edəcək.
Associated Press (AP) agentliyi xatırladır ki, Danimarkada müsəlmanların müqəddəs kitabı Quranın “bir ovuc anti-İslam fəalı” tərəfindən yandırılması halları artıb və bu müsəlman ölkələrində hiddətli nümayişlərə səbəb olub.
Hökumətin bəyanatında deyilir ki, Danimarkaya hazırda “başqa ölkələrin mədəniyyət, din və ənənələrinin təhqir olunduğu və böhtan atıldığı ölkə kimi baxılır”.
AP yazır ki, Danimarka hökuməti ölkənin xarici bayraqların yandırılmasını qadağan edən qanununun genişləndirilməsini və onun dini icmalar üçün dini əhəmiyyəti olan predmetlərə qarşı təhqiramiz hərəkətlərə şamil edilməsini istəyir.
Ölkənin ədliyyə naziri Peter Hummelqaard bu barədə deyib:
“Qanun, məsələn Quranın və ya İncilin ictimaiyyət qarşısında yandırılmasını cinayət əməli hesab edəcək. Qanun yalnız ictimai yerlərdə və əks-sədasının daha geniş yayılması niyyəti ilə törədilmiş əməllərə şamil ediləcək”.
Nazir əlavə edib ki, hökumətin layihəsində belə əməllər üçün cərimələr və ya 2 ilədək həbsxana cəzası nəzərdə tutulur.
Gununsesi.info