Danimarkada “yaşıl” hidrogen istehsal olunacaq

  • By admin
  • 21 Yanvar 2021 20:00
Danimarkanın “Orsted” şirkəti sahil külək enerjisi vasitəsilə “yaşıl” hidrogen istehsal etmək planı üzərində çalışır.

Gununsesi.info xəbər verir ki, CNBC-yə istinadən xəbər verir ki, şirkətin dünənki açıqlamasına görə, gündəlik 1 000 kiloyadək “yaşıl” hidrogen istehsal etmək iqtidarında olan 2 MV gücündəki “H2RES” qurğusunun tikilməsinə vəsait yatıracaqları bildirilir.

Belə ki, Kopenhagenin cənubundakı “Avedöre” elektrik stansiyasında həyata keçiriləcək bu layihə çərçivəsində cari ilin sonunadək hidrogen istehsalına başlamaq hədəflənir.

Açıqlamada 3,6 MV güclü iki turbindən gələn elektrik enerjisi hesabına “H2RES” qurğusunda elektroliz (suyun hidrogen və oksigenə ayrılması) yolu ilə əldə ediləcək hidrogenin nəqliyyat vasitələri üçün yanacaq olaraq istifadə olunacağı göstərilir.

2019-cu ildə “Orsted” və tərəfdaşlarına sözügedən layihə üçün hökumətin Enerji Texnologiyalarının İnkişafı və Nümayişi Proqramı tərəfindən 34,6 milyon kron (5,63 milyon ABŞ dolları) məbləğində vəsait ayrılmışdı. Ötən ilin noyabr ayında isə BP “Orsted” ilə birgə Almaniyanın Aşağı Saksoniya əyalətindəki Lingen neftayırma müəssisəsində “yaşıl” hidrogen istehsalına dair irimiqyaslı layihə hazırladıqlarını açıqlamışdı. Burada ildə 9 min tonadək hidrogen istehsal etmək nəzərdə tutulur.

 

Gununsesi.info