
Bu günlərdə Anarın ədəbi mühiti “silkləyən” “Qatardan qalan adam” hekayəsi oldu. Bu hekayə məddahlara da yol açdı:
“Görürsünüz? Anar oxunur, Anar danışılır, Anar elədir, belədir”
Əvvəla, məsələ odur ki, Anar danışılmalıdır. Yəni, Anar o günə qalıb ki, heç danışılmasın da?
O qədər “ölüb”ki bu belə avantaj hesab edilir?
Bəs hekayə necədir?
Əlbəttə ki, pis gündə. “Mən, sən, o və telefon”, “Dantenin yubileyi”, “Macal” kimi əsərlər yazan adamın bu cür “hekayəyə” qədər düşməsi, əslində, kədərlidir.
Əvvəla ona görə ki, bu hekayə yox, hekayətdir. Hekayəyə xas heç bir süjet, forma yoxdur, Anar sadəcə, əhvalat danışır. Ona görə tənqid və tərifləri hekayət üstündə demək lazımdır.
Üslub ənənəvidir, buna söz yox. Anarın qəliz heç nəyi yoxdur, sadə və axıcı yazır. Doğrudan da, özü dediyi kimi Anar ancaq Azərbaycan səviyyəsində yazıçı oldu və elə belə ola bilərdi. Anardan lokallıqdan başqa düşüncə gözləmək ən yaxşı haldq ədəbiyyatı yaxşı bilməməkdir. Sözsüz, sərhədli, məmur düşüncəli yazıçı heç zaman bəşəri ola bilməzdi.
Məsələn, İshakın qatardan qalmaq hissəsi hekayətə yaddır. Real hadisə təəssüratı ilə başlayan hekayət məhz bu yerdə reallıq hissini itirir.
Anar ümumən bu hekayəti qısaldıb və istedadın tükənmə göstəricisi olan fəndi işlədib:
Qəhrəmanı öldürüb!
Əlbəttə, qəhrəman ölə də bilər. Ki, əksərən də belə olur. Amma artıq ədəbiyyatın bu müstəvisi köhnə hesab olunur. Sovetlərdən bəri çevir tatı, vur tatı. Obrazı öldürmək artıq istedadsızlıq, istedadın tükənməsi kimi işarələrə eyhamdır. Anar da bu yaşında, bu məqamda, bu asan yola əl atıb.
Novellavari sonluğa qaçan Anar bunu da yaxşı bacarmayıb. Ölüm səhnəsinin özünü də maraqlı vermək olardı. Necə ki, hekayətin ortasında da modern çağ hekayə və hekayətlərinə dəxilsiz söhbət edir. Məsələn, adamın sünnətinə baxmaqla müsəlman olub-olmamasını müəyyənləşdirir. Anar müəllimə demək lazımdır ki, sünnət elə tarixən yəhudilərdən gəlir.
Üstəlik, bütün bunların fonunda da bir sürpriz var. Demə, qəhrəman Anarın özü imiş. Bu isə hekayətimizin real gülməli tərəfidir. Anar bu cür deməklə, göstərməyə çalışmaqla özünü daha çox biabır edir.
Anar necə bu hekayənin qəhrəmanı ola bilər? Tənhalıq, təklif Anarın hansı gününə yaraşır? İllərdir, ədəbiyyatın generallığını et, ye-iç, gəz, amma tənha ol?
Bitmədimi kabab stolundan Afrikadakı ac uşaqlara şeir yazmaq?
Hörmətli Anar müəllim, bir daha soruşuram, bu hekayətdəki qəhrəman necə ola bilərsiniz? Allaha şükür, yekə məmursunuz, min ildir ki, ədəbiyyat generallığı edirsiniz, özünüz, ailəniz bir yana, ətrafınızdakı dostlara və məddahlara da gün ağlamısınız. O ölkə sizin, bu ölkə də sizin gəzmisiniz, yemisiniz, içmisiniz, hər şey e, hər şey, indi durub bizlərə tənhalıq dərsi keçirsiniz?
Bu nəyin ümidsizliyidir? Guya daxili dünyanız belə kədərli oldu? Daxili dünyası kədərli olan adam bu günə qalmır.
Ümumiyyətlə, Allah və ölkə bir yazıçını Anarın gününə salmasın. Həqiqi istedadı olan adam üçün bundan böyük faciə yoxdur.
Kədərli olan odur ki, Anar kimi istedadlı, böyük ola biləcək bir yazıçı heç vaxt sevilmədi və sevilməyəcək də.
Anar elə bir gündədir, onu daha mətn də xilas edə bilmir.
Onun ədəbiyyat qatarı gedəli çox oldu.

Orxan Saffari