“Darıxıram” deyənlər üçün yazı: - Darıxmaq nədir və bu hiss niyə yaranır?

  • By admin
  • 20 Sentyabr 2020 23:50

 

Bəzi insanlar cansıxıcı şəraitə daha çox həssasdırlar. “Üstüörtülü narsisizmdən” tutmuş zəif özünüidarəetməyədək kimi halların təhlili bu sirli duyğuların mənşəyini daha yaxşı tanımağımıza kömək edə bilər.

Klapanlar bir-birinə dəyir, gurultu səsi, raketin mühərrikləri alovlandıqca arxadan güclü təkanlar hiss olunur. Bunların həyatın son qiymətli anları ola biləcəyi həyəcanverici dərəcədə realdır.

Kosmosa uçuş həyəcanlandırıcı bir səyahətdir. 1982-ci ildə karyerasında ikinci dəfə kosmosa uçan kosmonavt Valentin Lebedev start mərhələsində raketin sola-sağa çalxalandığını hiss edirdi…. daha sonra nəhayət gəminin yerdən ayrıldığını hiss etdi. Ekipaj üzvləri raketin kosmosa uçmağa başlamasını “Getdik!” qışqırığı ilə qarşılamışdılar – bunun səbəbi tam aydın deyil.

Lebedevin kosmik sərgüzəştləri adrenalinin yüksəlməsi ilə başlasa da, qısa müddət ərzində həmin hiss yoxa çıxdı – o, Salyut 7 kosmik stansiyasındakı yeddi aylıq missiyasının elə ilk həftəsində darıxmağa başladı. Gündəliyində yazdığı kimi “gündəlik darıxdırıcı həyat başladı”.

astronavt

 

Biz adətən düşünürük ki, darıxma hissi darıxdıcı işlərin görülməsinə bir cavab olaraq yaranır. Darıxma hissinin nə olduğu dəqiq bilinmir. Onilliklər ərzində aparılan araşdırmalar bunun kifayət qədər sirli olduğunu və bu hissin hər bir insanda özünü fərqli göstərdiyini ortaya qoyub.

“Düşünürəm ki, cansıxıcılıq siqnalını hamı alır, – Ontario-dakı Waterloo Universitetinin cansıxıcılıq laboratoriyasının rəhbəri James Danckert deyir. – Bəzi insanlar həqiqətən də bu hissin öhdəsindən yaxşı gələ bilir”.

2014-cü ildə Virginia Universitetinin sosial psixoloqlar komandası tərəfindən bir qrup insan üzərində təhtəlşüurun öyrənilməsilə bağlı sınaq keçirilərkən maraqlı bir müşahidə qeydə alınıb. Belə ki, sınaqda iştirak edən qadınların təxminən 25 faizi və kişilərin 67 faizi bir otaqda cəmi 15 dəqiqə ərzində tək qaldıqları zaman özlərinə bilərəkdən elektrik cərəyanı keçən naqil toxundurublar.

İştirakçılardan biri isə bunu təxminən 200 dəfə edib.

Darıxdırıcı şəraitə həssaslığın dərəcəsi bəzi insanların genetikası ilə əlaqəli ola bilər
Şəklin alt yazısı,Darıxdırıcı şəraitə həssaslığın dərəcəsi bəzi insanların genetikası ilə əlaqəli ola bilər

Koronavirusla bağlı karantin rejimləri göstərdi ki, darıxdırıcı şəraitdən çıxış yollarının axtarılması təkcə elmi laboratoriyalarda aparılmır.

Digər tərəfdən, bəzi insanlar məqsədyönlü olaraq darıxdırıcı sayıla biləcək halları fəal şəkildə axtarırlar. 1986-cı ildə Christopher Knight Maine ərazisində bir meşəyə sığınıb və 27 il ərzində oradan çıxmayıb, çıxanda isə deyib ki, həmin müddət ərzində heç zaman darıxmayıb – baxmayaraq ki, öz etirafına görə, orada olduğu müddət ərzində tamamilə heç bir işlə məşğul olmayıb.

Bəs bu niyə belədir?

Cansıxıcılıq barədə ən erkən qeydlərdən biri qədim Roma dövrünün filosofu Senekaya məxsusdur.

O, bir dostu ilə yazışmada yazıb:”Quo usque eadem” – “Eyni şeyləri nə qədər davam etməliyik?”

Və sonra fikrini belə davam edib: “Yeni heç nə etmirəm. Yeni bir şey görmürəm. Son nəticədə, bu da ürəkbulanmaya gətirib çıxarır”.

İngilis dilində “cansıxıcılıq” sözü XIX əsrin əvvəllərində peyda olsa da, bu sözün ictimai şüurda özünə yer etməsi yazıcı Charles Dickens-in öz romanlarından birində həmin sözdən istifadə etməsindən sonra baş verib.

Müasir dövrdə isə darıxdırıcı şəraitə demək olar ki, hər yerdə rast gəlmək mümkündür – bəzən o, müasir cəmiyyətin vəbası kimi də təsvir olunur.

2016-cı ildə Fransada bir işçi keçmiş işəgötürəninə qarşı “tükəndiyinə” görə məhkəmə iddiası qaldırıb və həmin məhkəməni udub. 1990-cı illərin ortaları – 2010-cu illərin sonunda doğulanlardan ibarət olan Z nəsli artıq yeni bir “telefon cansıxıcılığı” da icad edib.

Cansıxıcılığın müəyyən edilməsi

Bəzi insanların xroniki olaraq darıxma hissi keçirməsi, digərlərinin isə daimi olaraq əyləncəsiz yaşaya bilməsi psixoloqları həmişə maraqlandırıb.

Psixoloqların cansıxıcılığın nə olduğu məsələsində yekdil fikrə gəlməməsi də bu sualın cavabının tapılmasını çətinləşdirib.

Chris Hadfield bir neçə dəfə qeyd edib ki, "darıxdırıcı vəziyyətə yalnız darıxdırıcı insanlar düşür"
Şəklin alt yazısı,Chris Hadfield bir neçə dəfə qeyd edib ki, “darıxdırıcı vəziyyətə yalnız darıxdırıcı insanlar düşür”

1960-1970-ci illərdə bəzi tədqiqatçılar cansıxıcılığın tərifini sadəcə təkrarlanan bir işin yaratdığı duyğu kimi veriblər.

Buradan belə bir gözlənilməz nəticə çıxarılıb ki, cansıxıcılıq insanın “oyanış” qabiliyyətini artıra bilər – söhbət insanın ətrafda baş verənlərə cavab vermək və diqqətini cəmləşdirmək qabiliyyətinin güclənməsindən gedir.

Bu arada isə bir çox digər erkən təcrübələrdə daha tanış və müəyyən mənada tam əksinə olan tərifdən istifadə olunub. 1986-cı ildən etibarən iştirakçıların cansıxıcılıq səviyyələrini ölçmək üçün “cansıxıcılığa meyllilik dərəcəsi”ndən istifadə olunur. Bu zaman onlardan “fəaliyyətim üzərində asanlıqla cəmləşə bilirəm” kimi ifadələrlə nə dərəcədə razı olduqları soruşulur.

Onlar bunun asan olduğunu deyirlərsə, bu, o deməkdir ki, həmin insanlar cansıxıcılığa meylli deyil.

Hazırda psixoloqlara cansıxıcılığın azı beş növü məlumdur – nə etmək istədiyini bilmədikdə yaranan “kalibrasiya cansıxıcılığı”; müəllimə və ya iş yerinə qarşı aqressivlik hissi yaradan “reaktiv cansıxıcılıq”; narahatlıq hissi və çıxış yolu axtarmaqla müşayiət olunan “axtarış cansıxıcılığı”; ətrafdakı hadisələrə biganəlik hissi yaradan “laqeydlik cansıxıcılığı”; nə yaxşı, nə də pis hiss edildiyi və ondan qaçışın da mümkün olmadığı “apatiya cansıxıcılığı”.

Keçirdiyiniz növdən asılı olmayaraq, tədqiqatlar darıxdırıcı situasiyaların beyində iz buraxacağını göstərir. Danckert və psixoloq Colleen Merrifield-ın keçirdikləri bir araşdırmada, bir qrup könüllünün darıxdırıcı bir videoya baxdıqları zaman beyinləri tomoqrafiyadan keçirilib.

Maraqlıdır ki, tədqiqatçılar cansıxıcılıq ilə fikirlərin yayınıqlığı arasında bir əlaqənin olması qənaətinə gələ biliblər.

İtlərin də darıxa bildiyini təsdiqləyən əlamətlər mövcuddur
Şəklin alt yazısı,İtlərin də darıxa bildiyini təsdiqləyən əlamətlər mövcuddur

Danckert izah edir ki, cansıxıcılıq siqnalı dünya ilə qarşılıqlı əlaqənin qırıldığından xəbər verir.

Qəzəb və kədər kimi digər mənfi duyğular kimi, cansıxıcılığın da bizi motivasiya etməsi üçün mümkündür.

“Əslində insan idrakını məşğul etməyə çalışır. Zehni resurslarımızı mənalı saydığımız bir şey üçün istifadə etmək istəyirik. “

Əgər bu belədirsə, onda bəzi insanların niyə illərlə tək qala bildiklərini izah etmək mümkün olur. Müəyyən mühitlər darıxmaq üçün fürsət verir, lakin insanların yalnız bir qismi bu hissi keçirir. Digərləri onlara tanış olan narahatlıq hissini duyaraq hər şeyi dəyişdirmək üçün bir yol tapırlar – məqsəd və ya məna hissini işə salırlar.

Kanadalı astronavt Chris Hadfield-i yada salaq. Lebedevdən tamamilə fərqli olaraq, o, 2012-ci ildə Beynəlxalq Kosmik Stansiyada məkanın və ünsiyyət imkanlarının məhdud olmasına baxmayaraq, heç zaman darıxma hissi keçirməmişdi.

Hadfield hesab edir ki, “yalnız cansıxıcı insanlar cansıxıcı vəziyyətdə olurlar”. Sanki bunu sübut etmək üçün kosmik stansiyada boş vaxtı olanda o, David Bowie-nin “Kosmosun Qəribəliyi” adlı mahnısını ifa edib.

“Onunla söhbətdən öyrənirsən ki, əslində cansıxıcılıq siqnalını o da duyub – sadəcə, həmin siqnalı aldıqda dərhal həmin hissin öhdəsindən gələ bilib”, – Hadfield haqqında “Darıxmanın Psixologiyası” adlı kitab yazan Danckert deyir.

Kosmosda Hadfield həmişə özünə bir məşğuliyyət tapıb, misal üçün, bəzən məişət cihazlarının xırda təmiri ilə məşğul olub. Ümumiyyətlə, o hələ uşaqlaq dövründən, valideynlərinin fermasında ata-anasına kömək etdiyi vaxtlardan bəri həmişə nəsə bir iş görüb, o cümlədən, torpaq da şumlayıb.

Hadfield-in təcrübəsi göstərir ki, darıxma hissi bəzən gözlənilməz fayda da verə bilər. Misal üçün, BBC Future dərgisinin bundan əvvəlki araşdırmasında göstərilib ki, smartfonla oynamaqdansa, sadəcə fikir dağınıqlığı durumunda qalmaq beyində yaradıcı ideyaların əmələ gəlməsi üçün daha əlverişlidir.

Darıxmağın mənfi tərəfi

Asanlıqla darıxmağa başlayan insanlar üçün pis xəbər ondan ibarətdir ki, Danckert-in sözlərinə görə, darıxma həssaslığı bir sıra digər simptomlarla əlaqəli olur, məsələn, impulsiv davranış, narkotik asılılığı, qumar asılılığı, smartfona bağlılıq, depressiya, fiziki ağrı kimi özünü göstərən mənəvi travma – bu siyahı davam etdirilə bilər.

Maraqlıdır ki, bu da şəxsiyyət hissinin bir neçə növlü pozuntusu ilə əlaqəli ola bilər.

Astronavt Chris Hadfield valideynlərinin təsərrüfatında torpaq şumlanması da daxil, hər cür işin öhdəsindən gəlməyə çalışıb
Şəklin alt yazısı,Astronavt Chris Hadfield valideynlərinin təsərrüfatında torpaq şumlanması da daxil, hər cür işin öhdəsindən gəlməyə çalışıb

Onlardan biri narsisizmdir – söhbət siyasətçilərə xas olan öz əhəmiyyəti və böyüklüyünü şişirdən hissdən getmir, “gizli narsisizm” nəzərdə tutulur. Bu tip insanlar inanılmaz dərəcədə istedadlı olduqlarını hiss edirlər, lakin özlərinə istədikləri dərəcədə diqqət və qayğını hiss etmirlər. “Onlar keçirdiyi hisləri “Kaş dünya bilərdi” kəlməsiylə təsvir etmək olar”, – Danckert deyir.

Əlaqənin səbəbini heç kim dəqiq bilmir, amma ilkin fərziyyələrə görə, əgər təbii qabiliyyətlə seçilmiş hədəf arasında bir böyük boşluq varsa, o zaman nəticə uğursuzluq olacaq – və bu, məyusluq və cansıxıcılıq hisslərinin yaranmasına səbəb olur. Digər bir fərziyyə ondan ibarətdir ki, gizli bir narsisist ətrafdakı insanlardan gözlədiyi reaksiyanı almadıqda həvəsdən düşür və darıxmağa başlayır.

Əslində, cansıxıcılıq narsisizm hissini nəzarətdə saxlamağa imkan verən yan təsirlərdən biridir. Məsələn, gizli narsisistlər aşağı psixoloji durumda qalmağa meyllidirlər, açıq narsisistlər isə nisbətən xoşbəxtdirlər və özlərinə hörmət edirlər.

Darıxma hissi ilə əlaqəli digər əlamətlərə qəzəb hissi də aiddir – aqressiv sürücülərdə misal üçün, bu hiss özünü göstərə bilər, digər bir hiss isə yüksək dərəcədə narahatlıq, günah və qısqanclığı özündə ehtiva edən nevrotizm hissidir.

Ümumiyyətlə, cansıxıcılığa meylli olmaq pis bir əlamətdir və qismən emosional nəzarətin zəifliyi ilə əlaqəli ola bilər.

“Bu münasibətlərin mahiyyətini sınamalı və anlamalıyıq. Və biz əslində hələ buna nail olmamışıq, – Danckert deyir. – Beləliklə, məsələn, cansıxıcılıq və depressiya arasındakı əlaqədə cansıxıcılıq depressiyadan əvvəl olur – bu depressiya üçün risk faktorudurmu? Düşünürəm ki, cavab bəli olacaq”.

Son nəticədə, əsas sual bəzi insanları həssas edən strategiyaların hamısının öyrənilməsi və ya cansıxıcılığın genetik ola biləcəyi ilə bağlıdır. Bu, Danckert-in hazırda araşdırdığı bir mövzudur. “Yenə də bizdə hələ buna dair tam məlumat bazası yoxdur, amma mənim təxmini cavabım belədir ki, bu, müəyyən şəxslərin daxilindəki amillərlə əlaqəli ola bilər”.

Ancaq Danckert hesab edir ki, bütün duyğuların olduğu kimi, darıxma hissi də çox güman ki, öyrənilmiş və genetik amillərin birləşməsindən yarana bilər.

Astronaft Hadfield-in darıxdırıcılıq hissinin öhdəsindən gələ bilməsi bacarığı görünür ki, onun uşaqlıq dövründə formalaşıb və təkmilləşib.

Görünür, bu üsuldan istifadə edə bilən hər kəs, hətta darıxma hissinə ən həssas olanlar da, cansıxıcı mühitə baxmayaraq, daha zəngin daxili həyat yaşaya bilərlər.

Odur ki, növbəti dəfə həyatın necə darıxdırıcı olmasından şikayət etmək istəyəndə, Lebedev və Hadfield-in kosmosdakı fərqli hisslər keçirdiklərini yada salın. Ola bilsin ki, bu fərqin kökündə yalnız perspektivlərlə bağlı bir məsələnin durması nəticəsinə varacaqsınız.

Material BBC radiosunun saytından götürülüb