Daşınmaz əmlakın “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı aparılacaq

Daşınmaz əmlak üzərində hüquqların “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı aparılacaq.

Gununsesi.info xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

HTML tutorial

“Bir pəncərə” prinsipi – daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı sadələşdirilmiş inzibati icraatdır.

Layihəyə əsasən, daşınmaz əmlaka sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər (o cümlədən müqavilə, ər-arvadın ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə, qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsi, bölgü planı, nisyə alqı-satqı müqaviləsi üzrə son ödəniş barədə bildiriş və s.) əsasında hüquqlarının “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatı aşağıdakıları nəzərdə tutur:

– informasiya sistemində avtomatlaşdırılmış qaydada əks olunan hüquqların dövlət qeydiyyatı barədə elektron sənədlərdən notarius tərəfindən istifadə edilməsi;

– hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin elektron nüsxələrinin notarius tərəfindən informasiya sistemləri vasitəsilə ötürülməsi;

– hüquqların dövlət qeydiyyatı üçün tələb olunan ödənişlərin notarius tərəfindən aidiyyəti üzrə köçürülməsi.

Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, “Bir pəncərə” prinsipinin tələbləri tətbiq olunacaq.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Gununsesi.info