Gununsesi.info xəbər verir ki, Daşkəsən-Goranboy arxeoloji ekspedisiyasının rəhbəri, dosent Bəxtiyar Cəlilov bildirib ki, hündürlüyü 3,5 metr, diametri 28 metr olan kurqanın üst örtüyünün ətrafı iri qaya parçalarından ibarət kromlexlə əhatələnib.

Aparılan qazıntı zamanı kurqan örtüyünün altından bir-birindən 3 metr aralı 2 qəbir kamerası aşkar edilib. İri sal qayalardan istifadə edilməklə meqalitik məzar odaları hazırlanıb. Məzar odalarının eni 2-2,3 metr, uzunluğu 4 metr, hündürlüyü 2 metrdir. Kameranın inşasında istifadə olunan qayaların hər birinin ağırlığı təxminən 3-4 tondur. Kameraların inşasında istifadə edilən sal qayaların arası kiçik qaya daşları ilə doldurulub, iç tərədən isə gil ilə suvanıb. Mərhuma məxsus olan ritual əşyalar meqalitik məzar odasına qoyulduqdan sonra qərb tərəfdən olan giriş sal qaya daşla bağlanıb.

Birinci qəbir kamerasında aşkarlanan insan və qəbir avadanlıqlarına əsasən burada 12-14 yaşları arasında qızın dəfn edildiyi müəyyən edilib. Kurqan kamerasından saxsı qab nümunələri, tunc bəzək əşyaları, asmalar, piləklər, qolbağılar, üzük, iynə, çoxsaylı mineral muncuqlar, taxta və parça qalıqları aşkar edilib. İnsan sümükləri güclü çürüməyə məruz qalıb. Qəbirdən aşkar edilən zəngin tunc bəzək əşyalarının ritual xarakter daşıdığını söyləmək olar. Qəbir avadanlıqları içərisində xüsusi maraq doğuran tapıntılardan biri də parça qalıqlarıdır. Həmin parça nümunələrinin 4 fərqli forması müəyyən edilib. Parça qalıqlarına əsasən qədim insanların geyimləri haqqında indiyədək formalaşmış təsəvvürlərə yenidən baxmaq tələb olunur. İbtidai cəmiyyətdə qədim insanların heyvan dərisindən, bitki liflərindən və ya yundan hazırlanmış bir geyiminin olduğu haqqında təsəvvürlərimizi bu tapıntılar kökündən dəyişir. “Kurqanda dəfn edilmiş yeniyetmənin üst-üstə ən azı 3-4 geyimə malik olduğunu qeyd edə bilərik. Kurqanın 2 nömrəli kamerasında aşkar edilən qəbir hədiyyələrinə əsasən onun cəmiyyətdə yüksək mövqeyə malik insana məxsus olduğunu deyə bilərik. Qəbir avadanlıqları içərisində bir ədəd başlığı öküz başı formasında olan tuncdan hazırlanmış skipetrin (hakimiyyət rəmzi olan əsa) hissələri aşkar edilib. Bununla yanaşı, kamerada saxsı qab nümunələri, tunc piləklər, mineral daşdan olan muncuqlar, tunc toqqa hissələri və s. tapılıb. Kurqan kamerasının üst örtüyünün yan kəsiyinə əsasən, burada ilk olaraq yeniyetmənin, daha sonra isə yaşlı insanın dəfn edildiyi qənaətindəyik”, – deyə ekspedisiyanın rəhbəri bildirib.

Kurqanda aşkarlanan maddi mədəniyyət nümunələri son tunc dövrünə, eramızdan əvvəl XII-XI əsrlərə aid edilib.