
Xəbər verildiyi kimi, Gununsesi.info-nun 31.03.2017-ci il tarixli buraxılışında Gəncə şəhər sakini Akif Rzayevin oğlunun və gəlininin polis əməkdaşları, konkret olaraq, Gəncə şəhər Nizami rayon Polis İdarəsinin (RPİ) rəisi və işçiləri tərəfindən fiziki təzyiqə məruz qalmaları barədə məlumat yayılmşıdı.
Bu məlumatla bağlı Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadənin Gununsesi.info-ya yazılı açıqlaması daxil olub.
Açıqlamanı olduğu kimi təqdim edirik:
“Akif Rzayevin Gəncə şəhər Nizami RPİ-nin rəhbərliyi barədə səsləndirdiyi iddialar böhtan və şantaj xarakterli, polisin işgüzar nüfuz və imicini qəsdən ləkələməyə yönəlik olmaqla oğlu, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 2 dəfə məhkum olunmuş C. Rzayevin ictimai rəydə günahsız obrazının yaradılmasına hesablanıb.
Gəncə şəhər sakini C. Rzayev barəsində Gəncə şəhər BPİ-də Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb, lakin o, istintaqdan yayındığı üçün cari il fevralın 14-də istintaqa cəlb olunması məqsədi ilə barəsində axtarış elan edilib. Əvvəlcə C.Rzayevin yerini müəyyən etmək məqsədilə atası Akif Rzayevlə əlaqə saxlanılıb və oğlunun könüllü istintaqa gəlməsi üçün sonuncu ilə profilaktiki söhbətlər aparılıb.
Lakin normalda ata öz oğlunun istintaq orqanına könüllü gəlib ifadə verməsinə ən azından cəhd göstərməli olduğu halda A.Rzayev qeyri-səmimilik nümayiş etdirib, Ceyhunun guya xaricə getdiyini, onun ədalət mühakiməsinə təslim olması üçün heç bir əsas görmədiyini bildirməklə sonuncunun faktiki məsuliyyətdən yayınmasına yardımçı olub.
Daha sonra Ceyhun Rzayevin şəhərin Məhsəti qəsəbəsində kirayə ev tutaraq orada qalması barədə məlumat daxil olan kimi Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan həmin ünvana baxış keçirilib. Bu zaman Ceyhun Rzayevin evin çardağında gizləndiyi müəyyən edilib və ona könüllü tabe olması barədə xəbərdarlıq olunub. Polisin qanuni tələblərinə tabe olmaqdan qəti imtina edən, eyni zamanda, onu RPİ-yə aparacaq qanun keşikçilərinə taxta və digər əşyalarla müxtəlif xəsarətlər yetirib, nəticədə 2 əməkdaş müxtəlif dərəcəli xəsarətlər alıblar.
Polislərə xəsarət yetirsə də ələ keçəcəyini anlayan Ceyhun Rzayev çardağın tavan hissəsini baş və çiyini ilə qıraraq qonşunun evinə keçməyə cəhd göstərib, lakin əməkdaşların çevikliyi və peşəkarlığı sayəsində yaxalanaraq aidiyyəti üzrə təhvil verilib.
İndi A.Rzayevin oğlu və gəlininin təzyiqə məruz qalması, bunun guya sübutu kimi Ceyhunun qaçmaq istəyərkən baş və bədəninin müxtəlif yerlərində əmələ gələn sıyrıntıların az qala fotosessiya kimi nümayiş etdirilməsi də görünür yaxınlarının C.Rzayevin dələduzluqdan əlavə, polis əməkdaşlarına xəsarət yetirməsi faktı üzrə də məsuliyyətə cəlb olunacağı qorxusu ilə əlaqədardır.
Əgər belə olmasaydı, Akif Rzayev və oğlu Ceyhun bəzi KİV-lərdə Nizami (Gəncə) RPİ-nin rəhbərliyinə və əməkdaşlarına açıq-aşkar böhtan ataraq həqiqətə uyğun olmayan qərəzli məlumatlar da yaymazdılar”.
Gununsesi.info