Daixili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə bu il üçün qəbul qaydaları açıqlanıb.
DİN-dən Gununsesi.info-ya verilən məlumata görə, Ali Hərbi Məktəbinə qəbula namizədlər azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər.
Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq,
hərbi-həkim və mandat komissiyalarında Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma – 6 dəfə, qaçış – 100 metr məsafəyə 15 saniyə və
1000 metr məsafəyə 4 dəqiqə, qolların üzərində bədənin döşəmədən qaldırılilib-endirilməsi – 18 dəfə, gövdənin döşəmədən qaldırılilib-endirilməsi – 18 dəfə).
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı qəbul imtahanlarında iştirak etmək üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına göndərilir.
İmtahanlar test üsulu ilə IV ixtisas qrupunun fənləri üzrə azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə Komissiyanın internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.
Məktəbi müvəffəqiyyətlə bitirmiş məzunlara müvаfiq hərbi iхtisаslаrlа bərаbər “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası və “Leytenant” hərbi rütbəsi verilərək, onlar Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilirlər. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2018-ci ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən şəxslər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul edilmir.
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul üçün namizədlər Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
– şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);
– təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında arayış və ya tam orta təhsil haqqında sənəd (attestatın əsli və notarial qaydada təsdiq olunmuş surəti);
– yaşayış yeri üzrə tibb müəssisəsindən sağlamlıq haqqında arayış;
– ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti);
– oxuduğu təhsil müəssisəsi tərəfindən verilmiş xasiyyətnamə;
– 9×12 sm ölçüdə 2 ədəd, 4×6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
Məktəbə namizədlərin ərizə və sənədlərinin qəbulu 2018-ci il mart ayının 1-dən aprel ayının 10-dək (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcəkdir.
Gununsesi.info