DÇ-2022: Final mərhələsinin püşkü atılır

  • By admin
  • 01 Aprel 2022 09:15

Bu gün futbol üzrə 2022-ci il dünya çempionatının püşkatma mərasimi keçiriləcək.

Gununsesi.info xəbər verir ki, qətərin paytaxtı Dohadakı tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Püşkdən öncə milli komandalar səbətlərə bölünüb. Ev sahibi Qətərlə yanaşı, daha 7 yığma birinci səbətdə yer alıb.

Mərasimdə püşkü dünya futbolunun tanınmış simalarının da yer aldığı 8 veteran oyunçu çəkəcək. Onların arasında İran millisinin Azərbaycan əsilli sabiq hücumçusu Əli Daei də var.

Digər 7 nəfər isə Adel Ahmed Malallah (Qətər), Bora Milutinoviç (Serbiya), Kafu (Braziliya), Cey-Cey Okoça (Nigeriya), Lotar Matteus (Almaniya), Rabah Macer (Əlcəzair) və Tim Keyhil (Avstraliya) kimi keçmiş futbolçulardır.

I səbət: Qətər (A qrupu), Braziliya, Belçika, Fransa, Argentina, İngiltərə. İspaniya, Portuqaliya

II səbət: Niderland, Danimarka, Meksika, Almaniya, ABŞ, Uruqvay, İsveçrə, Xorvatiya

III səbət: Seneqal, İran, Yaponiya, Mərakeş, Serbiya, Polşa, Cənubi Koreya, Tunis

IV səbət: Kanada, Kamerun, Ekvador, Səudiyyə Ərəbistanı, Qana, üç pley-off qalibi.

Dünya çempionatının təqvimi matçların stadionları və başlama saatları bilinəndən sonra təsdiqlənəcək.

Hazırda mundialın final mərhələsinin 29 iştirakçısı məlumdur. Pley-of mərhələsində daha 3 komandanın adına iyunda aydınlıq gələcək.

Avropa zonası üzrə Şotlandiya – Ukrayna oyununun qalibi finalda Uelslə üz-üzə gələcək. Birləşmiş Ərəb Əmirlikləri / Avstraliya cütünün qalibi Peru ilə, Yeni Zelandiya isə Kosta-Rika ilə görüşəcək.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.

Gununsesi.info