“Demokratik olmayan seçki” və “saxta seçki” fərqli anlayışdır -RƏŞİD HACILI

  • By admin
  • 26 Yanvar 2023 16:44

“Erkin Qədirli demokratik olmayan seçkilərdə seçildiyini deyib.

“Demokratik olmayan seçki” və “saxta seçki” fərqli şeylərdir”.

Gununsesi.info xəbər verir ki, bunu hüquqşünas Rəşid Hacılı deputat Erkin Qədirlinin məlum fikrinə münasibət bildirərkən söyləyib.”Qənaətim budur ki, seçkilərdə ciddi saxtakarlıqlar olub. Amma Erkin Qədirlinin dediyi cümlə bu anlama gəlmir.
Demokratik olmayan ümumi siyasi qiymətdir. Saxta seçki isə konkret hadisəyə və hadisələrə hüquqi qiymətdir.

Erkin Qədirli “saxta yolla seçilmişəm” deməyib axı! Bəziləri belə anlayıblar və belə təqdim edirlər.

Milli Məclisdə bir çox deputatın səsvermə günü qutuda qalib gəldiyinə mən də inanıram.
Karusel, saxta bülleten-filan olmadan üstünlük qazana bilərsən. Seçiciləri inzibati resurslardan, pulundan, tanışlığından istifadə etməklə səsverməyə gətirə bilərsən. Qutudan çıxa bilərsən”.

Rəşid Hacılı deyir ki, ölkədə partiyaların, vətəndaş cəmiyyətinin, tənqidçi medianın azadlığı və imkanları məhduddursa, sərt siyasi debatlar imkanı yoxdursa, sərbəst toplaşma azadlığı təmin olunmursa, seçkilərin təşkili və idarəedilməsində qüsurlar varsa, bu “demokratik seçkilər yoxdur”anlamına gəlir:

”Qutuya toxunmasalar belə, bu halda seçkilər demokratik deyil”.

 

Mais

Gununsesi.info