Demokratiya, yoxsa Britaniya xalqının səhvi? -TƏHLİL

  • By admin
  • 30 İyun 2016 08:34

BRIT

Referendumun nəticəsi bəllidir. Britaniya xalqı ölkənin Avropa İttifaqından çıxmasına qərar verdi. Düzdü bu çıxma elə də asan və sürətli olmur, bir çox prosedurlar, incəliklər var. Digər bir tərəfdən narazıların da sayı elə çıxmaq istəyənlərin sayı qədərdi. Amma bütün bunlara baxmayaraq, xalqın yarısından çoxu müsbət qərar verib və parlament də bu qərarı icra etməlidir. “Inglis-sayağı getmək” ifadəsi var, yəni səssiz səmirsiz getmək. Bu getmək ondan olmadı amma. İnglislər çox səsli-küylü çıxırlar ittifaqdan. Son dərəcə maraqlı prosesdir. Bir tərəfdən demokratik prosesdi, birbaşa demokratiyanın təzahürüdür, yəni seçicilərin yarısından çoxu çıxmağa səs verib.

Digər bir tərəfdən indi də gənc britaniyalılar ayaqlanıb petisiya hazırlayıblar ki, təqaüdçülər (yəni yaşlı seçicilər) bizim gələcəyimizlə bağlı yanlış qərarlar verir. Artıq bugünə 3.3 milyon səs toplanıb.

b2

Demokratiyanın səmərəliliyi

Beləliklə, prosesi maraqlı edən iki cəhət var. Ən azından bizim üçün maraqlı edən.

Birincisi, referendum demokratiyanın böyük sayda insan toplumunun ortaq qərar verməsinin nə qədər ədalətli və nə qədər səmərəli üsul olduğunu sorğulamaya açdı.

Birbaşa demokratiya, ki, referendum məhz bu demokratiya formasının təzahürüdür, cəmiyyətin müxtəlif hissələrinə, təbəqələrinə nə qədər ədalət təmin edir? Birbaşa demokratiyaya, və ya xalqın tamamının qərar verməsinə, nə qədər güvənmək olar? İnsanlar qərar verdikləri məsələdən nə qədər xəbərdardılar? Burada problemin bir qismi ondan ibarətdir ki, birbaşa demokratiyanın alternativi olan təmsilçi demokratiya modeli də insanlar arasında rəğbətini itirməkdədir. Getgedə bu bir qlobal problemə çevrilir – seçilmiş təmsilçilər vətəndaşların maraqlarını qoruya bilmir və gözləntilərini doğrultmur.

Buna baxmayaraq birbaşa demokratiyanın da təhlükəsi odur ki, kütlə qərar verir və bu qərarın da sağlamlığı şübhə doğurur. Savadsız insanlar – bəli təəccüblənməyin, hətta inkişaf etmiş ölkələrin belə ciddi savadsız kütləsi var – və yaşlılar Britaniyanın ittifaqdan çıxmağına səs verdi.

Deyilənə görə ali təhsillilərin 71%, 50 yaşdan aşağı olanların əksəriyyəti və 18-24 yaş arasında olanların 75% isə əksinə Aİ-də qalmağın lehinə səs verib. Müəyyən yeni və ya unudulmuş köhnə fikirlər ortaya çıxır. Məsəl üçün, səsvermədə aşağı yaş həddinin qoyulduğu kimi yuxarı yaş haddi də qoyulsun.

Həqiqətən, niyə 16 yaşlı səs verə bilməz, amma 65 yaşı səs verə bilər, sualı qoyulur.

Avropa İttifaqının etibarlılığı

Referndum məsələnin ikinci çox maraqlı hissəsini də qabartdı. Bu da Avropa İttifaqı layihəsinin və ümümiyyətlə Avropa inteqrasiyası prosesinin etibarlılığı sualıdır. Hər bir beynəlxalq rejim və ya birlik sanki öz pik nöqtəsini yaşayır tarixdə və bu nöqtədən sonra bəzi şeylər yavaş-yavaş dəyişməyə başlayır.

Görünən odur ki, Avropa İttifaqı da istisna deyil. Hərçəndi ki, Böyük Britaniya nə avrozonaya nə də Şenqen müqaviləsinə qoşulmuşdu, amma buna baxmayaraq yenə də 1973-cü ildən bu yana Avropa İttifaqının ən əhəmiyyətli üç üzvündən biridir. Yeri gəlmişkən Böyük Britaniyada bu günə qədər sadəcə üç ümummilli referendum keçirilib. Onlardan ikisi Avropa İttifaqı ilə bağlı olub – 1973-cü ildə girməklə bağlı və 2016-cı ildə çıxmaqla bağlı.

Avropa İttifaqı üçün Britaniyanın çıxması çox ciddi siqnaldır. Bu hadisənin riski odur ki, bu “müstəqillik”, “milli-azadlıq” dalğası davam edə bilər və nəticədə Avropa İttifaqının sonuna gətirə bilər. Bu sadəcə risk deyil, həm də təhlükədir və Aİ liderləri ən üst səviyyədə bu narahatçılığı bölüşürlər.

Azərbaycana təsiri

Azərbaycan üçün bu hadisənin hər iki istiqamətdə siyasi təsiri olacaq – həm demokratiya həm də Avropa inteqrasiyası istiqamətində. Bundan əlavə ekspertlər həm də iqtisadi təsirdən danışırlar, artıq dollar və avronun məzənnəsində oynamalar oldu son günlərdə. Avropa inteqrasiyası baxımından bu hadisə Azərbaycan hökumətinin inteqrasiyaya qarşı olan mövqeyini gücləndirəcək. Artıq bir neçə ildir ki, Azərbaycan hakimiyyətinin mesajı budur ki, biz inteqrasiya yox əməkdaşlıqda maraqlıyıq və Avropa İttifaqı bizimlə bərabərhüquqlu partnyor kimi danışmalıdır, nəinki gələcək üzv kimi şərtlər qoymaq yolu ilə. Britaniyanın Aİ-dan çıxması bu mesajı gücləndirəcək və hakimiyyətə daha çox legitimlik qazandıracaq.

Eyni şəkildə, demokratiya baxımından insanlarda birbaşa demokratiyaya (və dolayısı ilə demokratiyaya) şübhəni artıracaq, milli qərarların verilməsində elitanın rolunu və əhəmiyyətini artıracaq. Anti-demokratiya daha ciddi və daha əsaslı arqumentlərə sahib olmağa başlayır və daha çox tərəfdar toplayır.

İctimai sferada və sosial şəbəkələrdə azərbaycanlıların demək olar ki, mütləq əksəriyyəti demokratik adlana biləcək qərarı dəstəkləmir, Britaniya xalqının səhv etdiyini düşünür. Bu son dərəcə vacib məqamdır – azərbaycanlı siyasi fəalları Britaniya referendumunun prosedur olaraq demokratik olub-olmadığı deyil, səsvermə nəticəsinin məzmunu düşündürür. Maraqlı olan digər fakt da odur ki, azərbaycanlı fəallar qərbyönlü, Avrointeqrasiya yönlü olduğu üçün, onlar britaniyalıların Avropa İttifaqını nədən sevmədiyini anlamır nə də anlamaq istəmirlər.

Bizim fəallar işə geopolitik prizmadan baxır, daxili siyasət və vəziyyət onları maraqlandlrmır.

Rəşad Şirin