“Depozit” qaytarılmırsa nə etməli? – hüquqşünasdan açıqlama

Kirayə münasibətlərində ən çox rast gəlinən problemlərdən biri depozit məsələsidir. Bir çox hallarda kirayəçi evi tərk etdikdən sonra əvvəlcədən ödənilmiş depozitin geri qaytarılmaması mübahisələrə səbəb olur.

Maraqlıdır, ev sahibi depoziti qaytarmaya bilərmi və bu hansı hallarda qanunidir?

Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev Gununsesi.info-ya bildirib ki, depozit əsasən kirayəçinin müqavilə öhdəliklərini yerinə yetirməsini təmin etmək məqsədi daşıyır.

Onun sözlərinə görə, bu məbləğ yalnız konkret əsaslar olduqda saxlanıla bilər.

“Əgər kirayəçi mənzili müqavilədə nəzərdə tutulmuş qaydada təhvil veribsə, yəni əmlaka zərər vurulmayıbsa, kommunal borclar ödənilibsə və digər öhdəliklər yerinə yetirilibsə, depozitin qaytarılmaması əsassız sayılır və qanunsuzdur”, – deyə hüquqşünas qeyd edib.

O bildirib ki, ev sahibi yalnız real zərər olduğu halda depozitin bir hissəsini və ya tam məbləğini saxlaya bilər. Lakin bu zərər sübut olunmalıdır.

“Sadəcə ‘təmir lazımdır’ və ya ‘ev əvvəlki kimi deyil’ kimi ümumi ifadələrlə depozitin saxlanılması hüquqi baxımdan əsaslı hesab edilmir. Zərər konkret şəkildə göstərilməli və mümkün olduqda sənədlərlə təsdiqlənməlidir”, – deyə o vurğulayıb.

Hüquqşünas əlavə edib ki, depozitlə bağlı şərtlər mütləq kirayə müqaviləsində açıq şəkildə qeyd olunmalıdır.

“Depozitin məbləği, hansı hallarda saxlanıla biləcəyi və nə zaman geri qaytarılacağı əvvəlcədən razılaşdırılmalıdır. Yazılı müqavilə olmadıqda isə tərəflər arasında mübahisə daha çətin həll olunur”, – deyə o bildirib.

Onun sözlərinə görə, depozit qaytarılmadıqda kirayəçi hüquqi addımlar ata bilər.

“İlk növbədə qarşı tərəfə rəsmi qaydada müraciət etmək, nəticə olmadıqda isə məhkəməyə üz tutmaq mümkündür. Əgər kirayəçi öz öhdəliklərini yerinə yetirdiyini sübut edərsə, depozitin geri alınması hüquqi yolla təmin oluna bilər”, – deyə hüquqşünas qeyd edib.

Orxan

Gununsesi.info