Deputat: 14–17 yaşlı uşaqlar arasında cinayətlərin sayı artıb

“Uşaqların hüquqlarının qorunması və onların cəmiyyətin inkişafında rolunun gücləndirilməsi sistemli yanaşma tələb edir”.

Gununsesi.info  bildirir ki, bunu Milli Məclisin iclasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə həm ailə institutunun, həm də təhsil müəssisələrinin məsuliyyəti artırılmalı, davamlı maarifləndirmə və profilaktik tədbirlər həyata keçirilməlidir:

“Rəsmi statistik göstəricilər bu sahədə əlavə tədbirlərin vacibliyini göstərir. Belə ki, 2024-cü ildə 14–17 yaş aralığında olan 472 uşaq tərəfindən cinayət törədilib. Halbuki 2020-ci ildə bu rəqəm 388 idi. Beş il əvvəlki dövrlə müqayisədə artımın müşahidə olunması profilaktik mexanizmlərin və hüquqi maarifləndirmənin daha da gücləndirilməsini zəruri edir”.

V.Bayramovun sözlərinə görə, ailə institutunda baş verən dəyişikliklər də uşaqların sosial müdafiəsi baxımından xüsusi diqqət tələb edir:

“2024-cü ildə 21 384 boşanma halının qeydə alınması və bu ailələrin 11 mindən çoxunda uşaqların olması həmin kateqoriyaya aid azyaşlıların həm hüquqi, həm də sosial baxımdan daha geniş dəstəyə ehtiyac duyduğunu göstərir”.

Deputat vurğulayıb ki, bütün bu amillər nəzərə alınaraq müzakirə olunan qanun layihəsi uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların hüquqlarının daha effektiv qorunmasına və hüquqi bazanın möhkəmləndirilməsinə xidmət edəcək.

 

Şəbnəm

Gununsesi.info