Deputat: 2026-cı il büdcəsi sosial yönümlü prioritetlərin maliyyə təminatını gücləndirir

“2026-cı ilin Dövlət Büdcə layihəsinin Milli Məclisin Komitə iclaslarında müzakirəsi bir daha göstərdi ki, ölkəmiz dünyanın çətinlikləri, iqtisadi böhranlar və bölgəmizdə baş verən ağır müharibələrə baxmayaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu islahatlar sayəsində prioritet problemlərin, xüsusilə təhlükəsizlik və müdafiə, Qarabağa qayıdış və keçmiş köçkünlərin doğma yurdlarına köçürülməsi kimi strateji məsələlərin maliyyə təminatı təmin edilir”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı noyabrın 19-da keçirilən plenar iclasda “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib:

“Komitə iclasları zamanı Səhiyyə Komitəsinin üzvü kimi seçicilər tərəfindən qaldırılmış və həlli vacib olan bir sıra məsələləri səsləndirdim. Ölkəmizdə səhiyyə sistemində həyata keçirilən uğurlu islahatlar, əhaliyə keyfiyyətli ilkin tibbi yardımın və səhiyyə xidmətinin göstərilməsinin daha da təkmilləşdirilməsi, İcbari Tibbi Sığorta sisteminin tətbiqi, TƏBİB-in yaradılması və Səhiyyə Nazirliyi sistemində aparılan əsaslı dəyişikliklər seçicilər tərəfindən yüksək qiymətləndirilir.

Bu uğurlarda həm Prezidentimizin, həm də möhtərəm Vitse-prezidentimizin misilsiz xidmətləri danılmazdır. Lakin görüləsi işlər hələ çoxdur. Əminik ki, seçiciləri narahat edən və qaldırdığımız problemlərin həlli üçün İcbari Tibbi Sığorta, Səhiyyə Nazirliyi və TƏBİB bütün imkan və resurslarını səfərbər edəcəkdir”.

 

 

Şəbnəm

Gununsesi.info