Tariximizə şanlı qəhrəmanlıq salnamələri ilə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. XX əsrdə azğın erməni-daşnak-bolşevik silahlı qüvvələri və onların havadarları tərəfindən azərbaycanlıların kütləvi qırğınlara və repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi, didərgin salınması bəşər tarixinə qanlı və acınacaqlı səhifələrdən biri kimi yazıldı. Əlbəttə, dünyanın bir çox xalqları müxtəlif dövrlərdə bu və digər dərəcədə qətliamlarla qarşılaşmaq acısını yaşayıblar. Lakin bu qətliamlar ya hansısa hakimiyyət tərəfindən siyasi məqsədlərlə törədilib, ya da böyük müharibələrin acı nəticələri kimi tarixə düşüb. Ancaq ermənilərin törətdikləri vəhşiliklər deməyə əsas verir ki, onlar soyqırımı cinayətlərində bir xalq olaraq iştirak ediblər.
Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi. Erməni silahlı dəstələri Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kəndi yerlə-yeksan etdilər. Beləliklə, 1918-1920-ci illərdə daşnaklar Qərbi Azərbaycanda 565 min azərbaycanlını görünməmiş vəhşiliklə qətlə yetirdilər.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımları 74 il sonra yenidən təkrarlandı. 1992-ci ilin fevralında Qaradağlıda, Xocalıda ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan dəhşətli soyqırımları baş verdi. Erməni faşistlərin Dağlıq Qarabağda başladığı avantürist hərəkətin nəticəsi olaraq ərazimizin 20 faizi işğal edildi, minlərlə vətəndaşımız şəhid oldu, bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvalarından didərgin salındı.
Ulu öndər Heydər Əliyevin tarixi Fərmanından ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıldı, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Fərmanla soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olundu. Hazırda da Erməni-bolşevik silahlı dəstələrinin 104 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə KİV-lərdə məqalələr dərc edilir.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsi ölkəmizin qələbəsi ilə başa çatdı və Azərbaycan özünün ərazi bütövlüyünü bərpa etdi. 30 ilə yaxın erməni işğalçılarının tapdağı altında qalan Qarabağımız Müzəffər Ordumuzun vətənpərvər, igid oğullarının sayəsində azadlığına qovuşdu. Azərbaycanın Qarabağda qazandığı qələbə ilə şəhidlərimizin, günahsız insanların, soyqırımı qurbanlarının qisası alındı.
Anar MƏMMƏDOV Milli Məclisin deputatı
Gununsesi.info