Deputat: “Azərbaycan tərəfi mütləq Rusiyaya nota verməli, məsələyə aydınlıq gətirilməlidir”

  • By admin
  • 12 Mart 2021 14:37

Rusiyanın “Birinci kanal”ı Rusiya sülhməramlıları tərəfindən Azərbaycanın Kəlbəcər rayonuna humanitar yüklərin daşınmasına dair süjet yayımlayıb. Süjetdə bildirilib ki, bölgəyə ümumilikdə 130 ton həcmində elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və tikinti materialları çatdırılıb. Sonda aparıcının Rusiya sülhməramlı kontingentinin Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazilərində deyil, qondarma respublikanın ərazisində olduğunu bildirməsi isə kanalda ermənipərəst meyillərin güclü olduğuna işarə edir.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Pravda.az-a  bildirib ki, Rusiyada yaşayan erməni qüvvələri rəsmi Moskva ilə münasibətləri pozmaq üçün belə addımlar ata bilərlər: “Ümumiyyətlə, bu kimi hallarla bağlı Azərbaycan tərəfi mütləq nota verməli, məsələyə aydınlıq gətirilməlidir. Bu cür təxribat xarakterli addımlar bilavasitə Rusiyadakı ermənipərəst qüvvələr tərəfindən reallaşdırılır və bu, Rusiyanın Azərbaycanla münasibətlərinə xələl gətirir. Ona görə də bu məsələ ətrafında Azərbaycan öz nəzarətini gücləndirməlidir. Rusiya tərəfi isə öz növbəsində informasiya məkanındakı belə hallara qarşı sərt reaksiyasını bildirməlidir. Çünki bu, bağlanan müqavilənin ruhuna ziddir və birbaşa ermənilərə dəstək vermək üçün düşünülmüş formadır. Bu məsələdə Azərbaycan tərəfi sərt mövqe ifadə etməlidir”.

Gununsesi.info