Deputat: “Baş nazirin 6 müavini var, buna ehtiyac yoxdur” -PREZİDENTİN YERİNƏ OLSAYDIM

  • By admin
  • 31 Avqust 2016 08:49
vahid
Hələ bilmək olmaz ki, sabah Artur müəllimin yerinə gələcək adam ondan yaxşı işləyəcək, ya yox. Bunu Moderator.az-a açıqlamasında iqtisadçı millət vəkili vahid Əhmədov bildirib:  “Jurnalistlər bu barədə mənə çoxsaylı müraciətlər edirlər və görünür ki, mövzu aktual olduğundan təkrar gündəmə gətirirlər. Bir daha qeyd edim ki, vitse-prezidentlik institutu çoxdan müzakirə mövzusu idi. Hətta 92-ci ildə AXC iqtidarı dönəmində də bu institutun yaradılması müzakirə olunurdu, vitse-prezidentlik yaradıldıqdan sonra Nazirlər Kabinetinin ləğvi nəzərdə tutulurdu. Amma sonradan bu məsələ unuduldu. Yəqin ki, cənab prezident bu məsələni gündəmə gətirməklə müəyyən perspektivli bir planın üzərində işləyir və bu institutun yaradılmasını vacib hesab edir. Amma ola bilər ki, gələcəkdə vitse-prezidentlik institutu tam oturuşandan sonra Nazirlər Kabinetinin ləğvi gündəmə gəlsin. Bu gün üçünsə bu real deyil və Nazirlər Kabinetinin qalması hələ vacibdir. Ona görə ki, çoxsaylı sərəncam və qərarlar verilirsə, bununla bağlı normativ sənədlər məhz Nazirlər Kabineti tərəfindən hazırlanır. Həmin sənədlər də minlərlədir və biz onları görməsək də hazırlanması üçün çox böyük zəhmət sərf edildiyinin fərqindəyik. Bunların hazırlanması üçün çox yüksəkhazırlıqlı mütəxəssislər lazımdır. Əlbəttə, ilkin mərhələdə Nazirlər Kabinetinin tərkibinə baxmaq olar və kadr islahatları aparılaraq aparatın xeyli yığcamlaşdırılmasına gedilə bilər. Tutaq ki, baş nazirin 6 müavini var, buna nə ehtiyac var? Mən cənab prezidentin yerinə olsaydım orada cəmisi iki müavin ştatı saxlayardım. Onlardan biri birinci müavin, digəri isə bütün sahələri kurasiya edən müavin olardı. Axı Azərbaycan nəhəng ölkə deyil və iqtisadiyyatımız da o həcmdə deyil ki, bu qədər baş nazir müavini saxlanılsın. Konkret olaraq baş nazirə gəldikdə isə bu barədə mən ötənlərdə münasibət bildirmişəm, Artur Rəsizadə ilə mən özüm uzun müddət işləmişəm, indi də millət vəkili kimi vaxtaşırı təmaslarım olur. Hökumətdə yeganə adamıdır ki, onunla istənilən vaxt üz-üzə və telefonla danışıb hər hansı məsələnin müzakirəsini aparmaq və ya problemin həllində real dəstək almaq mümkündür. Elə olmayıb ki, ona zəng vurum və danışa bilməyim, ola bilsin ki, iclasda da olanda yarım saat sonra özü arayıb nəyə görə zəng vurduğumla maraqlanır. Bir sözlə, mən onu ciddi, təcrübəli və peşəkar dövlət adamı kimi tanıyıram və hələ bilmək olmaz ki, sabah Artur müəllimin yerinə gələcək adam ondan yaxşı işləyəcək, ya yox. Onun yaşının qabardılmasını da qüsurlu hesab edirəm, kimin hansı yaşda dövlət və millət üçün faydalı olduğunu kənar müşahidə ilə müəyyənləşdirmək bəzən yetərsiz olur. Ömürü Allah verir və vaxtımız çatanda hamımız Onun hüzuruna gedəsiyik”.