Deputat-baş redaktora qarşı işçisindən ittiham- "AZƏRBAYCAN"IN ƏMƏKDAŞI ETİRAZ EDİR

Deputat-baş redaktora qarşı işçisindən ittiham

Jurnalist Elgün Mənsimov oz “Feysbuk” səhifəsində keçmiş iş yeri olan, rəsmi dövlət qəzeti tərəfindən özünə qarşı edilən hörmətsizlikdən yazıb.

Gununsesi.info həmin fikirləri olduğu kimi təqdim edir:

“Bu gün “AZƏRBAYCAN” qəzetinin təşkilatçılığı ilə “XOCALI” şahidləri danışır” adlı kitabın təqdimatı oldu. Kitabda son illərdə qəzetdə dərc olunan 36 məqalə yer alıb. Və həmin məqalələrdən məhz 9-u (doqquzu) mənə məxsusdur. Çox təəssüf ki, kitabda məqalə müəllifləri sırasında mənim adım çəkilmir. Bunu özümə qarşı böyük haqsızlıq və hörmətsizlik kimi qəbul edirəm.
Hər kəs bilir, bilməyənlərə də deyirəm. Mən 2013-2017-ci illərdə “Azərbaycan” qəzetində çalışmışam. Müxbirlik fəaliyyətimdə şərəfimi qorumuş, mənəviyyatımı satmamışam. 2017-ci ilin oktyabrında “Musavat.com” saytının öz təşəbbüsü ilə “İki jurnalist evli olarsa…” (ailə məişət mövzusunda) rubrikasına müsahibə vermişəm. Bundan sonra qəzet rəhbərliyi məndən buna görə izahat tələb etdi. Ki, necə oldu, müsahibə verdin və qəzet rəhbərliyindən niyə icazə almadın? Mən də izahat yazıb anlatdım. Və mənə irad tutuldu ki, niyə müsahibədə “Kaspi” qəzetini tərifləmisən, “Azərbaycan” qəzetini yox? Daha sonra “Kaspi” qəzeti, “qafqazinfo” səviyyəsində müxbir olmağımla ittiham edildim. Halbuki, bu vaxta qədər yazılarıma görə, rəhbərlik nəinki məni tənqid etməyib, hətta kollektivə nümunə də göstərib. Əlqərəz, qarşımda belə bir şərt qoyuldu ki, bir də bu cür “səhvlər” eləsən, işdən azad olunacaqsan. Təbii ki, bu olanlardan sonra orada rahat işləyə bilməzdim. Çünki belə münasibətin bir neçə gündən sonra nə ilə nəticələnəcəyini çox yaxşı anlayırdım. Nəticədə, 1 gündən sonra ərizəmi yazıb qəzetdən ayrıldım.

Açığı, bu məsələni açıqlamaqda maraqlı deyiləm, heç istəmirdim. Həm tanıyanlar tərəfindən ünvanlanan çoxsaylı suallar, həm də sözügedən kitabla bağlı özümə qarşı yönələn hörmətsizlik qarşısında bunları yazmaq məcburiyyətində qaldım.
Bununla belə, kitabla bağlı bir statusla kifayətlənməyəcəm. Lazımi yerlərə faktlarla müraciət edəcəm!”

COMMENTS