
“Qarabağ” Parkı və Xocalı Soyqırımı abidəsinin açılışı ilə bağlı Dənizlidə səfərdə olan millət vəkili Qənirə Paşayeva səfər çərçivəsində Şəhid ailələri və Qazilər Cəmiyyətlərini ziyarət edib.
Gununsesi.info-nun xəbərinə görə, Türkiyənin şəhidi Azərbaycanın, Azərbaycanın şəhidi isə Türkiyənin də şəhididir deyən, millət vəkili deyib ki, bütün şəhidlərimizi hər zaman böyük sevgi və sayğı ilə yad edəcəyik:
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı Soyqırımı, 20 mindən artıq şəhid olan insanlarımız barədə geniş məlumatlar verən millət vəkili Q. Paşayeva Azərbaycanda fəaliyyət göstərən şəhid ailələri, müharibəəlilləri, müharibə veteranları cəmiyyətləri barədə də danışıb. Hər iki qardaş ölkənin şəhid ailələri, müharibə əlilləri və müharibə qaziləri cəmiyyətləri arasında əməkdaşlığın genişlənməsinin önəmindən danışan millət vəkili onları Azərbaycana dəvət edib.
Azərbaycanı çox sevdiklərini deyən şəhid ailələri və qazilər cəmiyyətlərinin rəhbərləri və üzvləri qeyd ediblər ki, hər an Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində üzərimizə nə düşərsə, etməyə hazırıq. Cəmiyyət rəhbərləri böyük məmnuniyyətlə Azərbaycana gəlmək istədiklərini bildirərək, dəvəti qəbul ediblər.
Onlar bildiriblər ki, millət vəkilinin Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğu ilə bağlı fikirlərinə şərikik və biz də hər zaman qardaş Azərbaycanın yanındayıq və bunu oradakı qardaş-bacılarımıza söyləyin.
Millət vəkili Q. Paşayeva: “Eyni zamanda terrorla və terror təşkilatları ilə mübarizədə şəhid olan insanlarımıza Allahdan rəhmət, sizə səbr, buradakı insanımıza bir daha belə acılar yaşamamasını diləyir, terroru və arxasında duranları isə lənətləyirik”-, deyə o bildirib.
Xanım Paşayeva daha sonra Azərbaycanın erməni terrorundan çox əziyyət çəkdiyini xüsusi vurğulayaraq qeyd edib ki, o zaman Azərbaycan türklərinə qarşı terror törədənlər indi də müxtəlif terror təşkilatları içərisində Türkiyəyə qarşı cinayət və çirkin addımlarını davam etdirirlər, amma inşallah birlikdə bütün terrorçulara layiq olduqları cavabı verəcəyik, belə qəhrəman şəhidlərimiz onlara məqsədlərinə çatmağa heç bir zaman imkan verməyəcək : “Azərbaycan olaraq, acınız acımız, üzüntünüz üzüntümüzdür. Allahdan şəhid olanlara rəhmət, yaralılara şəfa diləyirik. Terroru, onu təşkil edənləri, arxasında duran gücləri lənətləyirik. Azərbaycan bütün məsələlərdə, terrorla mübarizədə hər zaman Türkiyənin yanındadır”-, deyə xanım Paşayeva çıxışının sonunda qeyd edib.
Tədbirdə iştirak edənlər bu ziyarəti çox dəyərli hesab etdiklərini vurğulayıblar. Onlar qeyd ediblər ki, Azərbaycana, oradakı şəhid ailələrimizə də bizim salam və sevgilərimizi söyləyin: “Azərbaycanlı şəhid ailələrimizin şəhid övladları bizim də övladlarımızdır deyən şəhid ailələri bir millət və iki dövlət olan Azərbaycan və Türkiyənin güclənməsi üçün birliyimiz, bərabərliyimizin daha da gücləməsi ən böyük istəyimizdir”.
Gülnaz Qənbərli
Gununsesi.info