Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri çox uğurla yekunlaşdı. Bu rəsmi səfər bir daha onu göstərdi ki, Azərbaycan-Türkmənistan əlaqələri həm siyasi dialoq, həm də iqtisadi əməkdaşlıq, humanitar sahədə əlaqələr, Xəzər dənizi və enerji təhlükəsizliyi, eləcə də sahələrdə dinamik inkişaf tempinə malikdir.
Gununsesi.org xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
O bildirib ki, iki ölkə arasında münasibətlər bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləridir və dövlətlər strateji məsələlərdə ortaq mövqedən çıxış edə bilirlər:
“Xüsusilə də Xəzərin hüquqi statusu ilə bağlı əldə edilmiş razılaşma onu göstərdi ki, ortaq maraqlar üzərində qurulan münasibətlər olduğu təqdirdə istənilən problemin həllini tapmaq mümkündür. Ona görə də hesab edirəm ki, bu səfər və eyni zamanda səfər çərçivəsində imzalanmış 20-ə qədər sənəd özü-özlüyündə bir göstəricidir və onu təsdiq edir ki, müxtəlif istiqamətlər üzrə Azərbaycan-Türkmənistan münasibətləri strateji xarakter daşıyır.
Hər iki ölkən prezidentlərinin mətbuata açıqlamalarında da bu fikirlər səsləndirildi. Qeyd olundu ki, Azərbaycanla Türkmənistan bir-birinin maraq dairəsində olan ölkələrdir və imzalanmış sənədlər əlaqələrimizin bundan sonrakı inkişafı üçün mühüm hüquqi-normativ bazanın təşkili və münasibətlərimizin yüksəlişi baxımından olduqca münbit şərait təmin edir”.
Deputat əlavə edib ki, iki ölkənin dövlət başçıları arasında sıx münasibətlər nəticə etibarı ilə əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır:
“Bizim eyni kökə malikliyimiz, eyni dinin daşıyıcıları olmağımız, tarixən formalaşmış əlaqələrimiz heç şübhəsiz ki, müstəqillik illərində də əlaqələrimizin dinamik inkişafına təsir edən həlledici amillər sırasındadır”.